""Əsrin müqaviləsi”: Azərbaycanın yüksəlişinin möhtəşəm təməli” mövzusunda dəyirmi masa keçirilib

""Əsrin müqaviləsi”: Azərbaycanın yüksəlişinin möhtəşəm təməli” mövzusunda dəyirmi masa keçirilib
  • Clock-gray 14:04
  • calendar-gray 18 Sentyabr 2019

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində ““Əsrin müqaviləsi”: Azərbaycanın yüksəlişinin möhtəşəm təməli” mövzusunda dəyirmi masa keçirilib.

APA-nın məlumatına görə, tədbirdə YAP sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bütöv Azərbaycan Xalq Cəbhəsinin sədri, deputat Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Milli Məclisin deputatları, iqtisadçılar iştirak edib.

Tədbiri giriş sözü ilə açan YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib ki, XX əsrin son onilliyinin ən möhtəşəm layihələrindən biri də məhz “Əsrin müqaviləsi” olub: “Bu müqavilənin imzalanması birmənalı şəkildə Heydər Əliyevin böyük dühasının və iradəsinin sayəsində gerçəkləşib. Azərbaycan yenicə dövlət müstəqilliyini əldə etmişdi. Ölkəmizin daxilində və ətrafında müəyyən səbəblərlə əlaqədar olan və hamıya məlum olan proseslər başa çatmamışdı. Heydər Əliyevin həyata keçirdiyi siyasətin içərisində mühüm yerlərdən birini Azərbaycanın neft strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi tuturdu. O zaman Azərbaycanda vəziyyət tam sabitləşməmişdi, ölkə müharibə vəziyyətində idi və digər risk amilləri də vardı. Bütün bunlara baxmayaraq, Heydər Əliyev Azərbaycan və bütövlükdə dünya enerji bazarı üçün əhəmiyyət kəsb edən bu layihəni işləyib, həyata keçirə bildi”.

 

Daha sonra çıxış edən Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə “Əsrin müqaviləsi”nin əhəmiyyətindən geniş söhbət açıb. O bildirib ki, indiyədək (sentyabrın 1-nə) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan 492 mln. ton neft hasil edilib. X.Yusifzadə qeyd edib ki, Azərbaycanın böyük qaz ehtiyatları var və bu da böyük imkanlar açır: “Ölkənin təsdiq olunmuş qaz ehtiyatları 2,6 trln. kubmetr təşkil edir”. O həmçinin bildirib ki, hazırda Cənub Qaz Dəhlizinin yaradılması çərçivəsində Trans-Adriatik qaz kəmərinin tikintisi davam etdirilir və gələn il kəmər istifadəyə veriləcək. X. Yusifzadə qeyd edib ki, Azərbaycanın böyük neft ehtiyatları da mövcuddur: “Bu gün yeni neft yataqlarının aşkar edilməsi və neft quyularının qazılması ilə bağlı işlər davam etdirilir. Bu gün Azərbaycanın 4 milyard ton təsdiq edilmiş neft ehtiyatı var”.

 

Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib ki, “Əsrin müqaviləsi”nin imzalanmasının Azərbaycanın tarixində xüsusi yeri var: “Bu müqavilənin imzalanması Azərbaycanın geosiyasi nüfuzunun yüksəlməsi, müstəqil dövlət quruculuğu prosesinin uğurla inkişaf etdirilməsi baxımından olduqca qiymətlidir”.

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev də qeyd edib ki, “Əsrin müqaviləsi”nin imzalanması mərhum prezident Heydər Əliyevin adı ilə bağlıdır: “O zaman çox çətin bir dövr idi. Bu kontraktın imzalanmasına xeyli çətinliklər keçirilərək nail olunub. Həmin kontraktın imzalanmasında iştirak edən 7 dövlət, 15 şirkət əmin idilər ki, Heydər Əliyev Azərbaycanda sabitliyi bərpa edəcək. Həqiqətən də qarşılıqlı inam özünü doğrultdu. Bu gün biz tamamilə başqa bir Azərbaycan görürük. Azərbaycan Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi ilə dəyişdi”. Deputat bildirib ki, o Heydər Əliyev hakimiyyətdə olan zamanda da müxalifətdə olub: “O zaman da problemlər, nöqsanlar ətrafında danışmışam. Bu gün Azərbaycanda inkişafdan doğan canlanma var”.

Tədbir çıxışlarla davam edib.

Mirmahmud Kazımoğlu

Digər xəbərlər

Arxiv

date