İlham Əliyev: “Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində, enerji sahəsində böyük uğurlar əldə edib”

İlham Əliyev: “Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində, enerji sahəsində böyük uğurlar əldə edib”
# 20 sentyabr 2019 22:05 (UTC +04:00)

“Bu gün Azərbaycanın uğurlu inkişafı timsalında biz məhz o illərdə atılmış addımların təzahürünü görürük. Görürük ki, ulu öndər Heydər Əliyevin bütün başqa xidmətləri ilə bərabər, bu sahədə xalq qarşısında, dövlət qarşısında göstərdiyi xidmətlər ən yüksək qiymətə layiqdir. Biz - onun davamçıları bu sahədə öz işlərimizi davam etdiririk”.

APA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdəki çıxış zamanı qeyd edib.

Bu gün yeni kontraktların imzalandığını, Azərbaycanın neft-qaz sənayesinə böyük marağın ölduğunu önə çəkən dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində, enerji sahəsində böyük uğurlar əldə edib: “Mən fürsətdən istifadə edərək, bizim strateji tərəfdaşımızın – BP şirkətinin fəaliyyətini qeyd etmək istərdim. Bizim əsas strateji layihələrimizdə BP əsas tərəfdaşımızdır. Həm “Azəri-Çıraq-Günəşli” yatağının, həm “Şahdəniz” yatağının işlənilməsində, TANAP-da və yeni imzalanmış digər kontraktlar əsasında bizim əməkdaşlığımız uzunmüddətlidir, artıq 25 il tarixi var. Bu əməkdaşlıq bundan sonra ən azı 25-30 il davam edəcəkdir”.

Prezident İlham Əliyev Azərbaycan mütəxəssislərinin hazırlığından da söz açıb. Qeyd edib ki, “Əsrin kontraktı”nın ölkəmiz üçün, xalqımız üçün çoxşaxəli faydalarından biri də kadr hazırlığı olub: “Xatırlayıram, 1994-cü ildə kontraktın üzərində iş aparılarkən xüsusi qeyd edirdik ki, biz istəyirik kontraktda Azərbaycan vətəndaşlarının işə cəlb olunması məsələsi göstərilsin. Biz istəyirdik ki, bu, bir öhdəlik kimi konsorsiumun şirkətləri üzərinə qoyulsun ki, Azərbaycan mütəxəssisləri tədricən bütün əsas vəzifələrdə işləsinlər və belə də oldu. Əlbəttə ki, birinci illərdə xarici mütəxəssislər çoxluq təşkil edirdi. Ancaq xarici şirkətlər və Azərbaycan tərəfindən aparılmış təlim kursları çox güclü kadr potensialı yaratdı. Mənə verilən məlumata görə, bu gün bu təlimlərdən keçmiş mütəxəssislər BP şirkətinin nəinki Azərbaycanda, bir çox ölkələrdə önəmli layihələrində iştirak edirlər, önəmli vəzifələrdə çalışırlar. Bu gün “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsində çalışanların 90 faizdən çoxu Azərbaycan vətəndaşlarıdır, yəni, bunu biz təmin etdik. Bu, çox böyük sərvətdir. Neft, qaz tükənən sərvətlərdir. İntellektual potensial, bilik, savad, səriştə, təcrübə isə dəyişməz sərvətdir. Bu təlimlərdən keçmiş Azərbaycan vətəndaşları, mütəxəssisləri bu gün çox böyük işlər görürlər, ölkəmizin inkişafına böyük töhfə verirlər”.

Neftdən əldə edilmiş gəlirlərin ölkə iqtisadiyyatının inkişafındakı rolundan danışan Azərbaycan Prezidenti vurğulayıb ki, məhz bunun sayəsində infrastruktur tamamilə yeniləndi: “Yadınıza salın, 1994-cü ildə bizim infrastrukturumuz nə vəziyyətdə idi, bu gün nə vəziyyətdədir. O vaxt hətta Bakı şəhərinin yarısı təbii qaz ala bilmirdi. Rayonlarda ümumiyyətlə bundan söhbət gedə bilməzdi. Bu gün Azərbaycanda qazlaşdırma 96 faizdir. Biz ən ucqar dağ kəndlərinə qaz xətləri çəkmişik və bu proses davam etdirilir. Mən Dövlət Neft Şirkətinə tapşırıq vermişəm ki, bu işlər dayanmasın. Düzdür, 96 faiz çox böyük rəqəmdir. Nadir hallarda ölkələrdə bu dərəcədə qazlaşdırma aparılır. Amma biz bunu davam etdirməliyik. O illərdə ölkəmizin yarısı işıqsız qalırdı. Bakı şəhərinin özündə işıq çatışmırdı. Hətta bəzi hallarda saat 12-də televiziya kanalları da fəaliyyətini dayandırırdı ki, vətəndaşlar elektrikdən az istifadə etsinlər. Çünki elektrik çatışmırdı. Artıq 3 min meqavata yaxın yeni generasiya gücləri yaradılıb və biz nəinki özümüzü təmin edirik, ixrac da edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR