Əli Hüseynli: "Gələcəkdə digər ərazilərdə də xüsusi nümayəndəlik institutu işləyə bilər”

Əli Hüseynli: "Gələcəkdə digər ərazilərdə də xüsusi nümayəndəlik institutu işləyə bilər”
  • Clock-gray 11:42
  • calendar-gray 12 Fevral 2021

“19 yanvar tarixli fərmanla prezidentin xüsusi nümayəndələri təsis olundu, qısa zamanda bunun əsasnaməsi təsdiq edildi”. 

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında I vitse-spiker  Əli Hüseynli deyib. 

O bildirib ki, xüsusi nümayəndəliyin əməkdaşları Prezident Administrasiyasının əməkdaşlarıdır: “Bu status onların dövlət qulluqçusu olması statusu ilə eynilik təşkil edir. Buna görə də “Dövlət qulluğu haqqında” qanuna da bu dəyişiklik təklif edilir. Bu institut hələ ki, sadəcə işğaldan azad edilmiş yerlərdə yaradılır. Bu, özünü doğruldarsa, ola bilsin ki, gələcəkdə Azərbaycanın digər ərazilərində də xüsusi nümayəndəlik institutu işləyə bilər”. 

Deputat Sabir Rüstəmxanlı isə xüsusi nümayəndəlik institutu ilə icra nümayəndələri arasında tənzimləmənin necə olacağı ilə maraqlanıb.

Deputat Məlahət İbrahimqızı isə dövlət qulluğuna qəbul imtahanının 2 mərhələdə keçirildiyini xatırladıb: “44 gündə neçə-neçə oğullarımız Vətən Müharibəsində iştirak etdi. Təklif edirəm ki, dövlət qulluğunun 1-ci mərhələsində iştirak edən, lakin ikinci mərhələyə gecikən qazi və əsgərlərimizə güzəşt edilsin”.

Əli Hüseynli S. Rüstəmxanlının sualına cavabında bildirib ki, bu institut sadəcə işğaldan azad edilmiş ərazilərdə yaradılır: “Xüsusi nümayəndələr ərazi ilə bağlı fəaliyyət göstərir. Əhali ilə bağlı fəaliyyət isə yerli icra orqanlarının səlahiyyətindədir. “Xüsusi nümayəndələr haqqında Əsasnamə” ilə “Yerli icra orqanları haqqında Əsasnamə” ciddi şəkildə araşdırılıb. Yeni yaradılan idarəetmə üsulu özünü doğrultsa və effektiv olsa, digər ərazilərdə də tətbiq olunacaq. Amma hələlik hər hansı vəzifənin üst-üstə düşməsi mümkün deyil”.

Ə. Hüseynli M. İbrahimqızının təklifinə də münasibət bildirib: “Hər bir dövlət orqanı Vətən Müharibəsində iştirak edən şəxslərin işə qəbulunda maraqlıdır. Bunun üçün hər hansı güzəştə ehtiyac yoxdur”.

Firuzə Vahid

Digər xəbərlər