Əli Əhmədov: "İlham Əliyev artıq dünya miqyasında tanınan və hörmət edilən liderdir" - MÜSAHİBƏ - VİDEO

Əli Əhmədov: "İlham Əliyev artıq dünya miqyasında tanınan və hörmət edilən liderdir" - MÜSAHİBƏ - VİDEO
  • Clock-gray 12:00
  • calendar-gray 24 Dekabr 2019

Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədovun APA-ya müsahibəsi

- 2019-cu il Prezident İlham Əliyev tərəfindən islahatlar ili elan olundu. Bu il ərzində həyata keçirilən islahatları necə dəyərləndirirsiniz?

- Azərbaycan dünyanın ən çox və uğurla islahatlar həyata keçirən ölkələrindən biridir. Müxtəlif beynəlxalq təşkilatların reytinq cədvəllərində Azərbaycan ən uğurla islahat keçirən dövlətlərdən biri kimi qeyd olunur. Hesab edirəm ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında həyata keçirilən islahatlar Azərbaycanın inkişaf dinamikasını daha da yüksəldir. Xüsusilə 2019-cu il islahatların daha geniş miqyas aldığı bir dövr kimi yəqin ki, tariximizə daxil olacaq. Hesab edirəm ki, bu il həyata keçirilən islahatlar Azərbaycanın həm iqtisadiyyatını, həm də həyatımızın bütün sahələrini ciddi şəkildə dəyişdirəcək. Bir şey tamamilə aydındır, 2019-cu ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bir çox sosial paketlər Azərbaycan vətəndaşlarının həyatını, həyat səviyyəsini əhəmiyyətli şəkildə dəyişdirib. Digər islahatlar var ki, onların da bir hissəsi həyata keçirilib, bir hissəsi isə Prezidentin də qeyd elədiyi kimi, bundan sonra da davam etdiriləcək. Güman edirəm ki, bu dəyişikliklər Azərbaycanın inkişafının yeni pilləyə qalxmasını təmin edəcək. Təbiidir ki, ilk növbədə, Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi, digər cəhətdən isə həyatımızın bütün sahələri, o cümlədən də idarəetmə sferasında ciddi dəyişikliklərin aparılması nəzərdə tutulub. Bunların bir hissəsi artıq həyata keçirilib, kadr dəyişiklikləri bu islahatların tərkib hissəsidir. Amma söhbət təkcə kadr dəyişikliyindən getmir, bütövlükdə idarəetmənin struktur təkmilləşdirilməsi və yeni dünya baxışının ortaya qoyulması nəzərdə tutulur. Güman edirəm ki, bunlar həm kifayət qədər cəsarətli islahatlardır, həm də böyük gələcəyi olan dəyişikliklər kimi qiymətləndirilə bilər.

- Prezident İlham Əliyev həm də Yeni Azərbaycan Partiyasının sədridir. YAP Prezidentin bu dəyişikliklərinə necə uyğunlaşır?

- Təbiidir ki, hər bir dəyişiklik cəmiyyətin yeni keyfiyyət halının formalaşmasına xidmət edir. Əgər dəyişikliklər bütövlükdə kompleks xarakter daşıyırsa, həyatın bütün sahələrini əhatə edirsə, yəqin ki, bütün strukturlar, qurumlar və bütün insanlar bu dəyişikliyə uyğunlaşmağa çalışmalıdırlar. O cümlədən də Yeni Azərbaycan Partiyası

bu gün qarşısına qoyduğu vəzifələrdən birini onda görür ki, dəyişikliklərə uyğunlaşsın, partiyaya yeni nəfəs gəlsin. YAP-a mütəmadi olaraq gənc insanlar gəlir, onlar Yeni Azərbaycan Partiyasına özlərinin yeni dünyagörüşünü, yeni baxışlarını gətirirlər. Təbiidir ki, Prezidentin qarşıya qoyduğu vəzifələrin öhdəsindən gəlmək üçün onun rəhbərlik etdiyi partiya da kütləvi dəyişikliklərə uyğun olmalıdır. Güman edirəm ki, bu dəyişiklikləri ardıcıl sürətdə YAP-ın iş prinsipində görəcəyik.

- İslahatlar paketinin bir hissəsi kimi Azərbaycanda növbədənkənar parlament seçkiləri elan olunub. Hakim partiya bu seçkilərə necə hazırlaşır və gözləntiləriniz nələrdir?

- Yeni Azərbaycan Partiyası hazırda daha çox bələdiyyə seçkiləri ilə məşğuldur. Güman edirəm ki, YAP-ın irəli sürdüyü bələdiyyə namizədləri uğur qazanacaq, beləliklə də, Azərbaycan bələdiyyələrində YAP öz mövqelərini qoruyub saxlayacaq. O ki qaldı parlament seçkilərinə, buna hələ vaxtımız var. Seçkinin biri başa çatdıqdan sonra digəri ilə də ciddi şəkildə məşğul olacağıq. Namizədlərin müəyyənləşdirilməsi, onların təsdiq edilməsi və prosedur qaydalarına uyğun şəkildə onların qeydiyyatdan keçməsindən tutmuş seçki kampaniyası strategiyasının hazırlanıb həyata keçirilməsinə qədər ardıcıl sürətdə bütün işlərimizi ənənəmizə uyğun olaraq uğurla apara biləcəyik.

- Bu il Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdə çıxışı da dünya mediasının gündəmində olub. Bu haqda da fikirlərinizi bilmək istərdik.

- İlham Əliyev artıq dünya miqyasında tanınan və hörmət edilən lider kimi qəbul olunur. Təbii ki, onun beynəlxalq tədbirlərdə çıxışları da diqqət mərkəzində olur və ciddi rezonanslar yaradır. Bu mənada hesab edirəm ki, bu, bir yandan Azərbaycan Prezidenti İlham Əliyevin özünün şəxsi keyfiyyətləri ilə bağlıdır, digər yandan da lider kimi ona bəslənən böyük hörmətin, Azərbaycana olan diqqətin ifadəsidir. Təbiidir ki, bu, həm də Azərbaycanın mövqeyinin açıq şəkildə Prezident tərəfindən ifadə edilməsinin bariz nümunəsidir. Azərbaycan müstəqil siyasət həyata keçirir, Prezident dəfələrlə qeyd edib ki, "Biz bir sıra dövlətlərdən fərqli olaraq Azərbaycan dövlətinin mənafeyinə uyğun şəkildə tam müstəqil siyasət həyata keçirə bilirik. Bunun da kökündə Azərbaycanın iqtisadi potensialı, dövlətçilik ənənələri, tam müstəqilik ideyalarına söykənməsi kimi təməllər dayanır". Beləliklə də, müstəqil siyasət həyata keçirən dövlətin rəhbərinin səsləndirdiyi bəyanatlar da istər-istəməz dünya miqyasında da, regional səpkidə də kifayət qədər böyük diqqətə səbəb olur. Xüsusilə Dağlıq Qarabağ probleminin həll olunması ilə əlaqədar Prezident İlham Əliyevin çox kəskin mövqeyinin ifadə olunması hesab edirəm ki, bir tərəfdən Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar mövqeyinin ifadəsi kimi dərk edilməli, qiymətləndirilməli, ikinci bir tərəfdən isə Azərbaycanın özünə inamının ifadəsi sayılmalıdır. Üçüncü məqam kimi isə bu, dövlət başçısı kimi İlham Əliyevin cəsarətli və prinsipial mövqeyi kimi qiymətləndirilməlidir.

- Bu gün Prezident İlham Əliyevin ad günüdür. Onunla ünsiyyətdə olan, yaxından tanıyan bir şəxs kimi Sizin də arzularınızı bilmək maraqlı olardı...

- Hər şeydən əvvəl mən İlham Əliyevə möhkəm can sağlığı arzulayıram. İlham Əliyev sözün həqiqi mənasında xoşbəxt bir dövlət başçısı və siyasətçidir. Çünki onun həyata keçirdiyi siyasət insanlar tərəfindən yüksək qiymətləndirilir, rəğbətlə qarşılanır, insanların ona böyük hörməti və etimadı var. Onun həyata keçirdiyi siyasət uğur qazanır və bunun nəticəsində Azərbaycan XX əsrdə ən uğurlu gənc dövlətlərdən biri kimi etiraf olunmaqdadır. Siyasətçinin xoşbəxtliyi hər şeydən əvvəl onun həyata keçirdiyi siyasətin uğur qazanmasıdır, nailiyyətlərinin olmasıdır. İkincisi, təbii ki, vətəndaşlarının ona olan hörməti və ehtiramıdır. Bu yaxınlarda keçirilən sosioloji sorğu nəticəsində xalqın İlham Əliyevə olan etimadının nə qədər böyük olduğunun bir daha şahidi olduq. Bütün bunların hamısından çıxış edərək birmənalı şəkildə deyə bilərik ki, İlham Əliyev sözün həqiqi mənasında xoşbəxt dövlət başçısı və xoşbəxt siyasətçidir. Mən arzu edirəm ki, onun xoşbəxtliyi zaman etibarı ilə daha çox olsun. Çünki o, nə qədər Azərbaycana rəhbərlik edəcəksə, Azərbaycan bu rəhbərlikdən o qədər fayda və xeyir görəcək.

Günay Elşadqızı

Digər xəbərlər