Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli iclası keçirilib

Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli iclası keçirilib
# 15 iyul 2019 18:14 (UTC +04:00)

Bu gün Milli Məclisdə Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli birgə iclası keçirilib.

APA-nın xəbərinə görə, iclasa sədrlik edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, bu cür tədbirlər xalqlarımızın və dövlətlərimizin daha da yaxınlaşması baxımından mühüm əhəmiyyətə malikdir: "Dünyada getdikcə artan problemlərin öhdəsindən ancaq birlikdə gələ bilərik. Artıq ölkələrimiz beynəlxalq təşkilatlarda vahid komanda şəklində iştirak edirlər. Bu baxımdan Ankarada imzalanmış əməkdaşlıq protokolu bizim üçün yol xəritəsidir".

Səməd Seyidov diqqətə çatdırıb ki, Milli Məclisdə dünyanın 70-dən çox parlamenti ilə dostluq qrupları fəaliyyət göstərir. Türkiyə və Gürcüstanla parlament dostluq qrupu onların içərisində ən böyük qruplardandır.

Çıxış edən Gürcüstan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri xanım Sofio Katsarava bildirdi ki, bu format hər 3 ölkənin inkişafı üçün gözəl zəmin yaradır: "Belə tədbirlər regional əməkdaşlıqda parlamentlərin rolunu nəzərdən keçirmək baxımından mühüm əhəmiyyətə malikdir. Bizim ölkələr Avropa və Asiya arasında körpü rolunu oynayır. Bu baxımdan Ankarada imzalanmış əməkdaşlıq protokolunda nəzərdə tutulmuş sahələrin sayının artırılması vacibdir".

S. Katsarava diqqətə çatdırıb ki, Gürcüstan Türkiyə və Azərbaycanla strateji tərəfdaşlığı davam etdirmək fikrindədir. Bunun üçün də parlament diplomatiyasının imkanlarından istifadə olunmalıdır.

Sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komitəsinin sədri Volkan Bozkır bildirib ki, regionda və dünyada sabitlik üçün bu üç ölkənin münasibətləri digər ölkələrə çağırış mesajıdır: "Təəssüf ki, Cənubi Qafqazdakı münaqişələr regionun inkişafına maneə törədir. Türkiyə Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və bu münaqişələrin beynəlxalq hüququn prinsiplərinə uyğun həllinə inanır".

Sonra çıxış edən hər üç ölkənin deputatları Sevinc Fətəliyeva, Zviad Dzidziquri, Ahmet Yılmaz, Sahibə Qafarova, Cavanşir Feyziyev, Yunus Emre, Tahir Mirkişili və başqaları belə birgə iclasların əhəmiyyətindən danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR