MM-in xərclər smetasına 1 milyon 900 min manat əlavə vəsait ayrılması təklif edilib

MM-in xərclər smetasına 1 milyon 900 min manat əlavə vəsait ayrılması təklif edilib
# 14 noyabr 2019 14:38 (UTC +04:00)

Azərbaycan Milli Məclisinin və onun Aparatının 2020-ci il üçün xərclər smetası 45 milyon 488 min 15 manat məbləğində müəyyənləşib.

APA-nın xəbərinə görə, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin (MM) 2020-ci il xərclər smetasının müzakirəsi zamanı MM-in İşlər müdiri Firudin Hacıyev deyib.

O bildirib ki, xərclər smetasının ümumi dəyərinin 79,7 faizini əməyin ödənişi fondu və əmək haqqı ilə əlaqədar ayırmalar təşkil edir: “Son illər aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclisin deputatlarının xarici səfərlərinin, eləcə də ölkədaxili ezamiyyələrin sayı xeyli artıb. 1980-ci ildə quraşdırılmış elektrik yarımstansiyalarında yenidənqurma işlərinin aparılması və istismarı yararsız hala düşmüş avadanlıqların yenisi ilə əvəz edilməsi nəzərdə tutulub. Həmçinin, informasiya texnologiyalarının inkişafı ilə əlaqədar Milli Məclisin inzibati binalarında, data-mərkəzlərində avadanlıqların alınıb quraşdırılması, iclas zallarında elektron səsvermə sisteminin idarə etmək üçün ayrılmış xüsusi otaqlarda yenidənqurma işlərinin aparılmasına ehtiyac var”.

F. Hacıyev Maliyyə naziri Samir Şərifovdan göstərilənləri, Milli Məclisin 2020-ci il xərclər smetasında bəzi maddələr üzrə vəsaitin çatışmadığını nəzərə alaraq, “Tikili, avadanlıq və cari təmir xərcləri” maddəsinə 50 min, “İcarə və muzdlu xidmətlər” maddəsinə 1 milyon, “Xarici ezamiyyətlər” maddəsinə 200 min, “Xarici ölkə nümayəndə heyətlərinin və rəsmi şəxslərin qəbulu, onlara xidmət göstərilməsi” maddəsinə 200 min, “Maşın və avadanlıqlar” maddəsinə 100 min, nəqliyyat vasitələrinin alınmasına 300 min, “Torpaq, tikili və avadanlıqlar” paraqrafına isə 50 min manat - ümumilikdə 1 milyon 900 min manat vəsait ayrılmasını xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR