Mübariz Qurbanlı: "Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edir"

Mübariz Qurbanlı: "Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edir"
# 22 iyul 2019 17:17 (UTC +04:00)

"Yeni Azərbaycan Partiyasının (YAP) çoxşaxəli beynəlxalq əlaqələri mövcuddur. Həmçinin YAP və Çin Xalq Respublikasının Kommunist Partiyası arasında ikitərəfli əlaqələr var".

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının nümayəndələri vaxtaşırı olaraq, eyni zamanda Çin Kommunist Partiyasının nümayəndə heyəti qarşılıqlı səfərlər edirlər: "Bu səfərlər ikitərəfli əlaqələrə öz töhfəsini verir. Çin Xalq Respublikası ilə Azərbaycan arasında siyasi, iqtisadi, humanitar sahələrdə çox böyük sıx əlaqələr mövcuddur. Ulu öndər Heydər Əliyevin 1994-cü ildə Çinə rəsmi səfəri və həmin səfər zamanı imzalanmış sənədlər bu münasibətlərin əsasını təşkil edir".

Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfərləri, o cümlədən Çinin rəhbər xadimlərinin Azərbaycana səfərləri bu münasibətləri yeni mərhələyə yüksəldib.

"Azərbaycan və Çin bir çox sahələrdə, həmçinin Şərq-Qərb nəqliyyat dəhlizinin inkişaf etdirilməsində, "Bir kəmər, bir yol" layihəsinin həyata keçirilməsində əməkdaşlıq edir. Bütün bunlar Azərbaycanın sosial-iqtisadi siyasətinə və beynəlxalq münasibətlər çərçivəsində siyasətinə öz təsirini göstərir", - deyə M.Qurbanlı qeyd edib.

O vurğulayıb ki, Çin Xalq Respublikası bütün beynəlxalq tədbirlərdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edir: "Dəfələrlə Çin Xalq Respublikasının rəsmiləri Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyib və Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər. Çin BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olaraq Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar qəbul olunmuş məlum qətnamələrə səs verib. Çinin bu ədalətli mövqeyi bizim tərəfimizdən təqdir edilir və qiymətləndirilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR