Naxçıvan Muxtar Respublikasında təhlükəsizliyin təmin olunması ilə bağlı müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikasında təhlükəsizliyin təmin olunması ilə bağlı müşavirə keçirilib
# 09 iyul 2019 19:21 (UTC +04:00)

İyulun 9-da Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində “Naxçıvan Muxtar Respublikasında təhlükəsizliyin təmin olunması sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə” müşavirə keçirilib.

APA-nın "Nuhçıxan" agentliyinə istinadən verdiyi xəbərə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Nurlan Pənahov çıxış edərək deyib ki, xidmətin fəaliyyətinin təşkili və maddi-texniki bazasının gücləndirilməsi qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verir.

Nurlan Pənahov 2019-cu ilin ötən dövründə muxtar respublikada təhlükəsizliyin təmin olunması sahəsində görülən işlərdən danışıb.

Naxçıvan Muxtar Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Fariz Bağırov çıxış edərək deyib ki, 2016-cı ildə muxtar respublikada Xarici Kəşfiyyat Xidməti yaradılıb, ötən dövrdə xidməti fəaliyyətin günün tələbləri səviyyəsində qurulması üçün ardıcıl tədbirlər görülüb. Yeni inzibati binanın istifadəyə verilməsi, maddi-texniki bazanın gücləndirilməsi verilən tapşırıqların uğurla yerinə yetirilməsinə şərait yaradıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Culfa Rayon İdarəsinin rəisi Nəsimi Abbaslı deyib ki, bu gün muxtar respublikada sabitlik təmin olunub, təhlükəsizlik və vətəndaş həmrəyliyi davamlı xarakter alıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib ki, bu il ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin 50 illiyi tamam olur: “Ümummilli Liderin siyasi fəaliyyətinin Naxçıvan dövründə də təhlükəsizlik orqanlarında işin təşkili əsas götürülüb, 1992-ci il sentyabrın 20-də Ali Məclisin qərarı ilə Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyi yaradılıb. Müstəqillik illərində Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında təhlükəsizlik orqanlarının maddi-texniki bazası gücləndirilib, müasir xidmət şəraiti yaradılmış, kadr potensialı təkmilləşdirilib".

Ali Məclisin Sədri deyib ki, Prezidentin 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə dövlət idarəetmə strukturunda aparılan islahatlara uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 18 dekabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, 2016-cı il 21 yanvar tarixli Fərmanı ilə Xarici Kəşfiyyat Xidməti yaradılmış və əsasnamələri təsdiqlənib. Əsasnamələrə uyğun olaraq Dövlət Təhlükəsizliyi Xidməti əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini, Xarici Kəşfiyyat Xidməti isə kəşfiyyat fəaliyyətini həyata keçirir: "Yaşadığımız dövr, dünyada baş verən proseslər milli təhlükəsizliyin təmin olunmasını əsas vəzifələr sırasına çıxarıb. Ərazi bütövlüyünün və ictimai-siyasi sabitliyin pozulması, separatçılıq, etnik, dini və siyasi ekstremizmin yayılması, ölkənin daxili işlərinə müdaxilə, beynəlxalq terrorçuluq, dövlət sirrinin əldə olunmasına olan cəhdlər və bu kimi digər fəaliyyətlər hər bir ölkə üçün əsas təhdidlər sırasındadır. Ona görə də kəşfiyyat və əks kəşfiyyat sahəsində işin düzgün təşkili birbaşa dövlətin və xalqın təhlükəsizliyinə zəmanət verir".

Qeyd olunub ki, kəşfiyyat ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş xüsusi fəaliyyətdir. Əks kəşfiyyat isə xarici xüsusi xidmət orqanlarının və ayrı-ayrı şəxslərin ölkənin müstəqilliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək pozuculuq əməllərinin aşkarlanması və qarşısının alınmasıdır.

V. Talıbov deyib ki, Naxçıvan Muxtar Respublikası strateji mövqedə yerləşir. İşğalçı ölkə ilə sərhədin olması, ehtimal olunan təhdid və risklər təhlükəsizlik sahəsində tədbirləri genişləndirməyi zəruri edir. Ona görə də muxtar respublikanın xüsusi xidmət orqanları müasir dövrün təhdidlərini nəzərə almaqla qabaqlayıcı tədbirlər görməli, təhlükəsizliyin tam təmin olunması üçün fəaliyyətlərini gücləndirməlidir Xarici Kəşfiyyat Xidməti muxtar respublikada siyasi, iqtisadi, sosial, hərbi, elmi-texniki, informasiya və digər sahələrdə dövlətin maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş fəaliyyətini daha da gücləndirməlidir. Bu zaman xarici dövlətlərin xüsusi xidmət orqanlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin dövlət maraqlarına qarşı yönəlmiş niyyətləri, planları barədə məlumatlar əldə edilməli, təhlükəsizliyə real və potensial təhdidlər proqnozlaşdırılaraq ümumiləşdirmələr aparılmalıdır.

"Nəzərə alınmalıdır ki, hər məlumat kəşfiyyat məlumatı deyil. Kəşfiyyat fəaliyyətinin əsasında təhlil edilmiş və qiymətləndirilmiş məlumatlar dayanmalıdır. Çünki əldə edilən məlumat sistemli şəkildə analiz edilmədikdə və dəyərləndirilmədikdə yanlış nəticələrə gətirib çıxarır. Yalnız tamamlanmış kəşfiyyatın nəticəsi olan məlumatlar müvafiq sahədə dövlət siyasətinin istiqamətlənməsi üçün zəruri əsaslar yaradır. Kəşfiyyat-pozuculuq fəaliyyəti aparan xarici xüsusi xidmət orqanlarına nüfuzetmə xidmətin təşkilində əsas şərtdir. Xüsusilə kəşfiyyat tədbirlərində informasiya texnologiyalarından, xüsusi texniki avadanlıqlardan, qeyri-aşkar üsul və vasitələrdən bacarıqla istifadə olunmalı, ölkəmizin və onun Naxçıvan Muxtar Respublikasının mənafelərinin xaricdən gözlənilən mühüm risk, təhlükə və təhdidlərdən qorunması diqqətdə saxlanılmalıdır. Dövlət sirri təşkil edən məlumatların daşıyıcıları olan şəxslərlə profilaktiki işlər davam etdirilməli, xaricdən olan dini ekstremizmin təsirinin, müxtəlif dini baxışların siyasi məqsədlərlə istifadə cəhdlərinin qarşısı vaxtında alınmalıdır. Həmçinin beynəlxalq terrorçuluğa və transmilli cinayətkarlığın digər formalarına qarşı qabaqlayıcı tədbirlər gücləndirilməlidir", - deyə o əlavə edib.

Ali Məclisin Sədri tapşırıb ki, Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasında təhlükəsizliyin təmin edilməsi üçün əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin səmərəliliyini artırmalıdır. Xarici dövlətlərin xüsusi xidmət orqanlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin dövlət müstəqilliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşunun əsaslarına, iqtisadi, elmi-texniki, müdafiə potensialına və digər milli maraqlara zərər vurulmasına yönəlmiş kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyəti vaxtında aşkarlanmalı, real və potensial təhdidlər proqnozlaşdırılmalı, adekvat tədbirlər görülməlidir. Muxtar respublikada ictimai həmrəyliyə qarşı yönəlmiş hərəkətlərin qarşısı alınmalı, xarici xüsusi xidmət orqanlarının texniki kəşfiyyatına qarşı əks tədbirlər həyata keçirilməlidir.

Müşavirədə qeyd olunub ki, Silahlı Qüvvələrdə silahların, hərbi sursatın saxlanma və istifadə qaydalarının pozulmaması, dövlət əmlakının qorunması məqsədilə ardıcıl tədbirlər görülməlidir. Bununla yanaşı, işğalçı ölkənin yeni silah, döyüş texnikası əldə etməsi və ya yaratması, sərhədlərimizin yaxınlığında qüvvələr nisbətini pozan qoşun qruplaşmalarının artırılması kimi məsələlər daim nəzarətdə saxlanılmalı, dəqiq və əsaslandırılmış məlumatlar verilməlidir. Xüsusi xidmət orqanları dövlət sirri təşkil edən məlumatların mühafizəsinə, məxfilik rejiminə, xüsusi rabitə növlərinin təhlükəsizliyinə məsuliyyəti artırmalıdır. Dövlət orqanlarındakı xüsusi əhəmiyyətli iş yerləri və müvafiq texniki vasitələr məlumat sızmasından qorunmalı, onlardan məlumat çıxarılması üçün istifadə olunan mümkün elektron vasitələrin təhlükəsizliyi təmin edilməlidir.

Sonra Ali Məclisin Sədri Dövlət Təhlükəsizliyi Xidmətinin kitabxanasında yaradılan şəraitlə maraqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR