Oqtay Əsədov: “Monteneqro hökumətinin Azərbaycanda diplomatik nümayəndəlik açması sevindirici haldır”

 Oqtay Əsədov: “Monteneqro hökumətinin Azərbaycanda diplomatik nümayəndəlik açması sevindirici haldır”
  • Clock-gray 18:59
  • calendar-gray 24 İyun 2019

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Monteneqronun Baş naziri Duşko Markoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

APA-nın xəbərinə görə, görüşdə Oqtay Əsədov bu səfərin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Sədr Azərbaycanla Monteneqro arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu və ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. 

Əlaqələrimizin yüksək səviyyəyə çatmasında dövlət başçılarının rolunu xüsusi qeyd edən Oqtay Əsədov bildirib ki, yüksək səviyyəli səfərlər və görüşlər zamanı aparılan danışıqlar, əldə olunmuş razılaşmalar, imzalanmış sənədlər əməkdaşlığımızın hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaradır.

Azərbaycan son illər Cənubi Qafqazda iri layihələr həyata keçirən ölkədir. Monteneqro da Cənub Qaz Dəhlizinin iştirakçılarından biri kimi bu sahədə Azərbaycanla əməkdaşlıq edir. Azərbaycan Monteneqroya ən çox investisiya yatıran ikinci ölkədir. Siyasi əlaqələrimiz yüksək səviyyədə olsa da, ticarət əlaqələrinin inkişaf etdirilməsinə ehtiyac var. İki ölkə arasında iqtisadi, mədəni və xüsusilə turizm sahəsi üzrə əlaqələrin genişləndirilməsi üzrə Azərbaycan-Monteneqro Mərkəzi “AzMont” yaradılıb. 

Sədr diqqətə çatdırıb ki, Monteneqro hökumətinin Azərbaycanda diplomatik nümayəndəlik açması sevindirici haldır və qarşılıqlı münasibətlərin inkişafına öz töhfələrini verəcəkdir.

Milli Məclisin sədri beynəlxalq təşkilatlarda ölkəmizə verdiyi dəstəyə görə Monteneqro dövlətinə təşəkkürünü bildirib.

Duşko Markoviç Azərbaycanda onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. O, iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib. 

Qonaq Azərbaycan şirkətlərinin Monteneqroya böyük investisiyalar yatırdığını və bunun turizmin inkişafına böyük dəstək verdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, Monteneqro Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və hər zaman onun yanındadır.

Söhbət zamanı parlamentlərarası əlaqələrin, iqtisadi, mədəni, turizm sahələrində münasibətlərin inkişafı barədə də fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, sədr müavini Bahar Muradova, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Monteneqrodakı səfiri Eldar Həsənov, Monteneqronun Türkiyə və Azərbaycandakı səfiri Branko Miliç və digər rəsmi şəxslər iştirak ediblər.

Mirmahmud Kazımoğlu

Digər xəbərlər

Arxiv

date