Rövşən Rzayev: “Bu ilin sonuna qədər bir neçə rayonda qəsəbələrin tikintisi başa çatdırılacaq”

Rövşən Rzayev: “Bu ilin sonuna qədər bir neçə rayonda qəsəbələrin tikintisi başa çatdırılacaq”
  • Clock-gray 17:17
  • calendar-gray 18 Oktyabr 2019

“Oktyabrın 8-də “Qobu Park-2” yaşayış kompleksinin açılışı olub. Nəsimi rayonunda yerləşən yataqxanaların birində yaşayan 120 ailə yeni mənzillərdə məskunlaşıb. Proses davam etdirilir”. 

APA-nın məlumatına görə, bunu oktyabrın 18-də Prezident İlham Əliyevlə görüş zamanı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib. Onun sözlərinə görə, dünən ikinci püşkatma olub:

“Nərimanov rayonunda və Sizə əvvəlcədən təqdim olunmuş ərazilərdəki yataqxanalarda məcburi köçkünlər siyahıya uyğun köçürüləcəklər. Bunun üçün Sizin tərəfinizdən bütün şərait yaradılıb. Komitənin bütün əməkdaşları bu istiqamətdə məşğuldurlar və işi davam etdirirlər”.

Komitə sədri eyni zamanda bildirib ki, bu ilin sonuna qədər bir neçə rayonda qəsəbələrin tikintisi başa çatdırılacaq:

“Şirvan rayonunda 685 mənzilli qəsəbəmiz artıq hazırdır, tamamlama işləri yekunlaşır. Beləliklə, Şirvan şəhərində məskunlaşan bütün məcburi köçkünlər mənzillərlə təmin olunacaqlar. Hətta ətraf rayonlardan bir neçə ailəni də həmin qəsəbəyə yerləşdirə biləcəyik. Göyçay rayonunda 80 mənzildən ibarət binada artıq tamamlama işləri bitir. Orada da qəzalı vəziyyətdə olan bir binada yaşayan 80 məcburi köçkün ailəsinin hamısı yeni mənzillərə köçürüləcək. Sizin tapşırığınıza əsasən Kürdəmirdə salınan, 565 mənzildən ibarət böyük bir qəsəbəmizdə də tamamlama işləri aparılır. Yəqin ki, oktyabr ayının axırları, yaxud noyabrın ortalarında onu da təhvil verə biləcəyik. Beləliklə, Kürdəmir rayonunda məskunlaşan bütün məcburi köçkünlərin hamısı bu qəsəbədə mənzillə təmin olunacaq. Oraya hətta ətraf rayonlardan bir neçə ailəni də gətirə biləcəyik.

Göygöl rayonunda ümumilikdə 130 mənzildən ibarət üç binanın inşası davam edir. Ağcabədi rayonunda əsasən laçınlıların məskunlaşdığı Taxtakörpü qəsəbəsində 645 fərdi ev tikilir. Biz 645 ailəni ilin sonuna qədər o evlərə köçürəcəyik. Ucar rayonunda 250 ailəlik bir qəsəbəmiz də ilin sonuna qədər tamamlanacaq. Beləliklə, Sizin tapşırıqlarınız əsasında Komitə tərəfindən inşa edilən mənzillərin sayı 3700-ə çatacaq”.

Rövşən Rzayev bildirib ki, özəl sektorun töhfələri çox önəmlidir: 

“Özəl sektor tərəfindən tikilən 1300 ailəlik “Qobu Park-2” artıq açılıb. Özəl sektorun vəsaiti hesabına tikilən 540 mənzillik daha bir qəsəbəmiz var. İlin sonunadək biz o mənzilləri də məcburi köçkünlərə təqdim edəcəyik”.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date