STM-də “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfrans keçirilib

STM-də “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfrans keçirilib
# 24 sentyabr 2019 14:23 (UTC +04:00)

Bu gün Sosial Tədqiqatlar Mərkəzi (STM) “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfrans və “stm.az”saytının təqdimatı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən STM İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc Mərkəzin fəaliyyət istiqamətləri və görülən işlər barədə danışıb.

Mərkəz rəhbəri nəzərə çatdırıb ki, STM ictimai rəyin öyrənilməsi ilə əlaqədar 10 sosioloji tədqiqat və ictimai rəy sorğusunun keçirilməsini başa çatdırıb. Onların sırasında müxtəlif sosial təbəqələrin islahatlar prosesinə, dövlət başçısının sosial siyasətlə bağlı irimiqyaslı sərəncamlarına münasibəti və gözləntiləri, təhsilin sosioloji məsələləri və son tələbə qəbulunun iki mərhələli modelinə müxtəlif hədəf qruplarının münasibəti, dərsliklərlə bağlı mövcud vəziyyətin öyrənilməsi, sosial inkişaf və rifahın göstəriciləri, Azərbaycanda daxili miqrasiya proseslərinin xüsusiyyətləri ilə bağlı araşdırma var. “Sosial Tədqiqatlar” və “Azərbaycan barometri” adlı jurnallar Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib, müntəzəm nəşrə hazırlıq başa çatıb.

Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri Səadət Yusifova Azərbaycan dövlətinin keçdiyi inkişaf yolundan, Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin dövlət quruculuğu və vətəndaşların rifahının yaxşılaşdırılması istiqamətində gördükləri işlərdən bəhs edib: “Cəmiyyətlərin, dövlətlərin həyatında baş verən köklü dəyişikliklər hər zaman bunları gerçəkləşdirən liderlərin adı ilə bağlıdır. Müasir Azərbaycan Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi prinsiplər əsasında qurulub. Onun yaratdığı möhkəm dövlətçilik təməli üzərində qurulub. Məhz həmin prinsipləri əsas tutaraq Prezident İlham Əliyev uzunmüddətli dayanıqlı inkişaf strategiyasını müəyyən edib. Əgər Azərbaycanın tarixi inkişaf yoluna nəzər salsaq, son 16 ildə tamamilə yeni yaradılmış Azərbaycanı görmüş olarıq”.

S.Yusifova hazırda rəqəmsal texnologiyaların inkişafı ilə xarakterizə olunan növbəti sənaye inqilabı dövrünü yaşadığımızı qeyd edib. Həyata keçirilən sosial islahatlara toxunan S.Yusifova STM-in yaradılmasının da bu islahatların tərkib hissəsi olduğunu bildirib.

Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov çıxışında aparılan islahatların insanların maddi durumuna müsbət təsir göstərdiyini vurğulayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli çıxışında deyib ki, bu il Azərbaycanda minimum əməkhaqqı iki dəfə artırılıb və bu da 1 milyon 350 min insanı əhatə edir. O, nazirliyin fəaliyyətində STM-in hesabatlarına da istinad olunacağını vurğulayıb.

Tədbir çıxış və təqdimatlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR