Vətəndaşların qanunvericilik təşəbbüsü hüququna dair qanun layihəsi I oxunuşda qəbul edilib

Vətəndaşların qanunvericilik təşəbbüsü hüququna dair qanun layihəsi I oxunuşda qəbul edilib
  • Clock-gray 13:09
  • calendar-gray 14 İyun 2019

Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihəsində nəzərdə tutulmayan məsələlər məlum olub.
 
APA-nın məlumatına görə, bununla bağlı yeni hazırlanan “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi I oxunuşda Milli Məclisin bu gün keçirilən növbədənkənar xüsusi sessiyasının ilk plenar iclasında müzakirəyə çıxarılıb.
Layihənin 3-cü maddəsində göstərilib ki, vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun (qərar) layihəsində aşağıdakı məsələlər nəzərdə tutula bilməz:
 
1. Dövlət büdcəsi, dövlət rüsumu, vergilər və gömrük işi;
 
2. Əmək haqqının məbləği və onun ödənilməsi qaydası;
 
3. Cinayət və ya inzibati xətalar;
 
4. Ailə münasibətləri;
 
5. Ərazi quruluşu və inzibati ərazi bölgüsü;
 
6. Dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi;
 
7. Seçki və referendum;
 
8. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad;
 
9. Amnistiya;
 
10. Seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi.
 
Bundan əlavə, sənədin 4-cü maddəsində qeyd edilib ki, layihəni Milli Məclisin müzakirəsinə təqdim etmək təklifi ilə çıxış edən ən azı 300 nəfər Azərbaycan Respublikasının vətəndaşı tərəfindən vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı təşəbbüs qrupu yaradıla bilər.
 
Bir təşəbbüs qrupunun fəaliyyəti dövründə yalnız bir layihəni Milli Məclisin müzkirəsinə təqdim etmək təklifi ilə çıxış etməsi mümkündür. 
 
Təşəbbüs qrupunun yaradılmasının məqsədləri Milli Məclisin müzakirəsinə təqdim edilməsi təklif olunan layihənin dəstəklənməsi üçün imza toplaması və qanunvericilik təşəbbüsü ilə çıxış edən vətəndaşların mənafelərinin müdafiə edilməsidir.
 
Yeni qanun layihəsi müzakirələrdən sonra I oxunuşda qəbul edilib.

 

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date