Ağdam rayonunda yerləşən seçki komissiyalarının üzvləri üçün treninqlər keçirilir

Ağdam rayonunda yerləşən seçki komissiyalarının üzvləri üçün treninqlər keçirilir
# 12 mart 2018 10:44 (UTC +04:00)

Ağdam rayonunda yerləşən 118 saylı Ağdam şəhər və 119 saylı Ağdam kənd seçki dairələrinin məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərin keçirilməsinə başlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, treninqdə məntəqə seçki komissiyalarının sədrlərinin və üzvlərinin seçki prosesində davranışı, KİV-lə işin qurulması, seçki hüququnun qorunmasında dairə və məntəqə seçki komissiyalarının rolu, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, asayişin qorunmasında polisin rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri, seçkilərə hazırlıq, seçkilərin keçirilməsi, komissiyaların vəzifələri və təşkili barədə danışılıb.

118 saylı Ağdam şəhər Dairə Seçki Komissiyasının sədri Ramiz Səfərov APA-ya açıqlamasında bildirib ki, DSK-nın tərkibində olan 46 məntəqə ölkənin müxtəlif şəhər və rayonlarında yerləşir və 39903 seçicinin hamısı məcburi köçkündür.

119 saylı Ağdam kənd Dairə Seçki Komissiyasının sədri Rövşən Şükürov isə deyib ki, DSK-nın sədri tərkibində olan 42 məntəqə cəbhə kəndlərində yerləşir: “2224 seçicidən 716 nəfəri ilk dəfə səsvermədə iştirak edəcək. Bundan əlavə, cəbhə xəttində yerləşən hərbi hissələrdə xidmət edən hərbçilər üçün 5 qapalı məntəqə yaradılacaq”.

Trenerlərin ilk dəfə seçkidə səsvermədə iştirak edəcək gənc seçicilərlə də görüşləri təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR