Azərbaycan prezidenti: “AXC- Müsavat hakimiyyəti xalqımız üçün böyük bəla, biabırçılıq idi”

Azərbaycan prezidenti: “AXC- Müsavat hakimiyyəti xalqımız üçün böyük bəla, biabırçılıq idi”
# 29 yanvar 2016 21:46 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın 90-cı illərin əvvəlindəki problemlərindən biri də hakimiyyətdə olan adamların təcrübəsizliyi, bəzi hallarda xəyanəti idi.

APA-nın xəbərinə görə, bunu bu gün bir qrup gənclə görüşündə Azərbaycan prezidenti İlham Əliyev deyib.

“Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyəti xalqımız üçün böyük bəla, biabırçılıq idi. Birincisi, 1992-ci ildə onlar hakimiyyəti qanunsuz yollarla zəbt etmişdilər. O vaxt Dağlıq Qarabağda qanlı döyüşlər gedirdi. Ancaq onların əsas məqsədi nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək idi. Hətta bəziləri sevinirdilər ki, Şuşa, Laçın işğal altına düşüb və bu, tezliklə əvvəlki hakimiyyətin yıxılmasına gətirib çıxaracaq. O vaxtkı tarix çox acınacaqlıdır, çox ağırdır, tariximizin qara səhifələridir”, deyə prezident bildirib.Ölkə başçısı qeyd edib ki, onlar “hakimiyyəti zəbt edəndən sonra Azərbaycanı faktiki olaraq uçurum kənarına gətiriblər”: “Birincisi, əgər o vaxt Azərbaycana rəhbərlik edənlərin şəxsiyyətlərinə nəzər salsaq, heç bir şərhsiz görərik ki, bu adamlar nəinki ölkəni, bir kolxozu da idarə edə bilməzlər. İndi gənclər təbii ki, bu tarixi, əlbəttə bilə bilməzlər. Amma baxın, kimlər Azərbaycanı idarə etmişlər. Parlamentin sədri kiçik elmi işçi idi, 11 il ərzində kiçik bir dissertasiyanı müdafiə edə bilməmişdi. Baş nazir, yumşaq desək, ticarətlə məşğul idi, kiçik ticarətlə, özü də o ticarət mövsümi xarakter daşıyır. Dövlət katibi komsomolçu idi - sonradan flyuger kimi əqidəsini dəyişib, xalq hərəkatına qoşulmuş birisi. Ondan sonrakı dövrdə də bir neçə dəfə əqidəsini dəyişmişdi. Hətta 1990-cı illərin ortalarında hakimiyyətlə sıx əlaqədə olaraq parlamentdə də təmsil olunurdu. Ancaq silahdaşları, yoldaşları onu yaxşı tanıyırlar. Ağır vaxtda öz liderinə xəyanət etmiş insan əlbəttə ki, yüksək keyfiyyətlərə malik ola bilməz. Müdafiə nazirinin Şuşanın ermənilərə verilməsində bilavasitə əli, günahı var. Daxili işlər naziri canlı efirdə bir müxalifət nümayəndəsini döymüşdü. Görün, hüquq-mühafizə orqanının yüksək vəzifəli şəxsi veriliş gedə-gedə nə isə onun xoşuna gəlməyib, gedib studiyaya onu xalq qarşısında döymüşdü və buna görə heç bir məsuliyyət daşımamışdı. Xarici işlər naziri Fizika İnstitutunun kiçik elmi işçisi idi və belə önəmli vəzifəyə irəli sürülmüşdü. Heç bir xarici dil bilməyən, hətta rus dilində düz-əməlli danışa bilməyən, yəni, yumşaq desək, statusuna adekvat olmayan bir adam idi”.

Parlamentin sədri kiçik elmi işçi, dövlət katibi komsomolçu, baş nazir mövsümi xarakterli kiçik ticarətlə məşğul idi

Prezident bildirib ki, bunlar Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyətinin öndə gedənləri olub: “Bu adamlar ölkəni necə idarə edə bilərdilər?! Hakimiyyətə gələndən sonra dərhal onlar bir-biri ilə mübarizəyə başlamışlar. Bu mübarizə və eyni zamanda, xalq tərəfindən onlara olan inamsızlıq, mənfi münasibət nəticəsində cəmi 1 il hakimiyyətdə qala bildilər. Ondan sonra onlar üçün vəziyyət gərginləşəndə - 1993-cü ilin yaz-yay aylarında bütün vəzifələrdən gedərək bəziləri ölkəni tərk etdilər, qaçıb gizləndilər və onların “cəsarəti” artıq yox olmuşdu”.

Ölkə başçısı qeyd edib ki, belə bir vəziyyətdə, 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlib, xalqın dəstəyi, inamı hesabına vəziyyət sabitləşməyə başlayıb: “Amma vəziyyət 1996-cı ilə qədər yenə də çox gərgin idi. 1994-cü il sentyabrın 20-də “Əsrin kontraktı” imzalanıb və bu gün də bizim inkişafımızın uğurlu olmasında çox mühüm rol oynayır. Bu, çox ciddi siyasi və iqtisadi addım idi. Bu, bəzi xarici ölkələri çox narahat etmişdi, üstündən iki həftə keçməmiş Azərbaycanda dövlət çevrilişinə cəhd göstərmişdilər. Əlbəttə, Azərbaycan xalqı imkan vermədi ki, bu, baş tutsun. Amma bu, xalqımıza, dövlətimizə qarşı çox ciddi bir hərbi əməliyyat idi. 1995-ci ildə artıq digər qruplaşma - xarici oriyentasiyalı qruplaşma yenə də dövlət çevrilişinə cəhd göstərdi. O cəhdin də qarşısı alınıb. Yenə də xalq küçələrə, meydanlara çıxıb hakimiyyəti, Heydər Əliyevi müdafiə etdi. 1996-cı il artıq sabitləşmə ili kimi tarixdə qalıb. Təsadüfi deyil ki, 1996-cı ilin əvvəlində Gənclər Forumu da keçirilib”.

Ölkə başçısı xatırladıb ki, onun söylədikləri tarixi həqiqətdir: “Dediyim sözlər və xüsusilə verdiyim qiymətlər ən diplomatic, yumşaq qiymətlərdir. Gənclər bunu bilməlidirlər ki, biz hansı vəziyyətdən çıxıb, hansı vəziyyətə gəlmişik. Digər tərəfdən, əgər bu tarixi yaddan çıxarsaq, onda biz öz gələcək planlarımızı düzgün qura bilməyəcəyik”.

Prezident bu gün güclü dövlət qurulduğunu, bu dövlətin dünya miqyasında böyük hörmətə malik olduğunu vurğulayıb: “Biz çalışmalıyıq və çalışırıq ki, inkişafımız dayanıqlı olsun. Buna nail olmaq üçün sadəcə güclü iqtisadiyyata malik olmaq kifayət deyil. Dayanıqlı inkişaf üçün gərək gələcəkdə ölkəmizi idarə edəcək insanlar da daim dövlətçiliyə, inkişafa töhfə versinlər. Siz gənclər gələcəkdə ölkəmizi idarə edəcəksiniz. Ölkəmizin taleyi sizdən asılı olacaq. Ona görə sizin fəaliyyətiniz, baxışlarınız və fikirləriniz gələcəkdə ölkəmiz üçün həlledici olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR