GİSDİ Azərbaycanda prezident seçkilərinə dair Aralıq Hesabatı təqdim edib

GİSDİ Azərbaycanda prezident seçkilərinə dair Aralıq Hesabatı təqdim edib
# 29 mart 2018 09:58 (UTC +04:00)

"Seçki müşahidə missiyasına 80-dən çox beynəlxalq müşahidəçi yer alıb. Hamısı Avropa ölkələrindəndir, qısamüddətli müşahidəçilərdir. Onlar hər biri 4 və ya 6 seçki məntəqəsində müşahidə aparacaq ".

APA-nın xəbərinə, bunu qeyri-hökumət təşkilatı olan GİSDİ-Azad və Demokratik Seçkilər uğrunda Vətəndaş Təşəbbüsünün (Bolqarıstan) missiya rəhbəri Mihail Mirçev bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, GİSDİ uzunmüddətli və qısamüddətli müşahidə missiyaları təşkil edir: "Siyasət, media, seçki, hüquq və vətəndaş cəmiyyəti ekspertlərindən ibarət uzunmüddətli müşahidəçilər missiyasının müşahidə və araşdırmaları nəticəsində Aralıq Hesabat hazırlanıb. Bu hesabatın tam mətni aprelin 2-də təqdim olunacaq və GİSDİ-nin saytında yerləşdiriləcək".

M. Mirçevin sözlərinə görə, hesabata GİSDİ ekspertlərinin makrosiyasi şərait və sistem, Azərbaycanda seçkiqabağı vəziyyət, hüquqi çərçivə və seçki administrasiyası, seçki siyahıları və seçicilərin qeydiyyatı, namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçki kampaniyası, seçki prosesində KİV-in rolu, şikayət və müraciətlər, seçki günü seçkilərin müşahidəsi və s. istiqamətdə müşahidələr yer alıb.

Missiyanın hüquq analitiki Omurtaq Petkov bildirib ki, GİSDİ-nin uzunmüddətli müşahidə missiyası ekspertlərinin müşahidə və araşdırmaları nəticəsində azad və demokratik seçkilərin keçirilməsi baxımdan Azərbaycandakı makrosiyasi mühitin münbit, ölkədə seçkiqabağı mühitin stabil olduğu, elektoratın öz seçimini azad ifadə etmək və ədalətli, demokratik seçkilərin təşkili baxımından heç bir təhlükə olmadığı bəlli olub: “Azərbaycanda seçki prosesini tənzimləyən hüquqi sənədlərin təhlili onu deməyə əsas verir ki, ölkədə demokratik seçkilər keçirməyə tam yararlı, beynəlxalq standartlara uyğun hüquqi çərçivə mövcuddur. Seçki administrasiyasının işinin müşahidəsi ümumilikdə onun işinin müsbət qiymətləndirilməsinə imkan yaradır. Seçici siyahıları ilə iş daim aparılır, onlar yenilənir və dəqiqləşdirilir. Namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesini ümumilikdə müsbət qiymətləndirmək olar, halbuki qeydiyyatdan keçməmiş namizədlərdən heç də hamısı MSK-nın qərarı ilə razılaşmayıb”.

O. Petkov vurğulayıb ki, bu günədək aparılmış monitorinq zamanı seçki qanunvericiliyinin ciddi pozulması və ya namizədlər üçün qeyri-bərabər şəraitə dair faktlara rast gəlinməyib və ölkədə sərbəst toplaşma hüququ təmin olunur: “Yuxarıda deyilənləri ümumiləşdirərək GİSDİ bəyan edir ki, bu gün Azərbaycanda beynəlxalq standartlara uyğun demokratik və ədalətli seçkilərin keçirilməsi üçün lazımi şərait mövcuddur"

Qeyd edək ki, GİSDİ seçki müşahidəsi sahəsində Bolqarıstanın ən qocaman QHT-sidir. O, 1990-cı ildə təsis edilib. GİSDİ bir sıra beynəlxalq seçki müşahidə missiyalarında iştirak edib. O, 2003-cü ildən bəri Azərbaycanda seçkiləri müşahidə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR