MSK 1000 məntəqədə veb-kameralar quraşdırılması barədə qərar verib

MSK 1000 məntəqədə veb-kameralar quraşdırılması barədə qərar verib
# 30 mart 2018 14:45 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının iclasında aprelin 11-nə təyin edilmiş prezident seçkilərində məntəqələrdə veb-kameralardan istifadə məsələsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK sədrinin müavini Natiq Məmmədov məlumat verib.

N. Məmmədov bildirib ki, 2008-ci ildən Azərbaycanda seçkilərdə veb-kameralardan istifadə edilir. O qeyd edib ki, Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən prezident seçkiləri ilə əlaqədar işğal olunmuş ərazilərdə yerləşən 6 seçki dairənin ərazisi istisna ilə, Azərbaycanın bütün coğrafiyasını əhatə etməklə, 119 seçki dairəsindəki 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb: "Prezident seçkilərində ümumən 1000 məntəqədə veb-kamera olacaq. Seçki günü dünyanın istənilən nöqtəsindən bu veb-kameralar vasitəsilə Azərbaycanda səsvermə prosesini izləmək olar. Adətən səsvermə günü seçki məntəqələrinin 15 faizə qədərində müşahidə aparmaqla, seçkilərə qiymət verilir. Ancaq 1000 məntəqə seçki məntəqələrinin 20 faizini əhatə edir. Bu, Azərbaycan təcrübəsidir, seçkilərin şəffaflığı ilə bağıl atılmış mühüm addımdır".

MSK katibi Mikayıl Rəhimli seçkilərdə veb-kameralar quraşdırılan seçki məntəqələrinin sayının artırılmasını vacib sayıb və bunun seçki məntəqələrində səsvermə ilə bağlı şikayətlərin araşdırılmasını asanlaşdıracağını söyləyib. MSK sədri M. Pənahov deyib ki, veb-kameralar quraşdırılan seçki məntəqələrinin sayının seçki məntəqələrinin 20 faizini təşkil edir və bu, dünyada seçkilərə qiymət vermək üçün yetərli sayılır: "Ancaq gələcəkdə veb-kameralar quraşdırılan seçki məntəqələrinin artırılması arzulamaq da yaxşı bir haldır".

MSK-nın iclasında prezident seçkilərində 119 seçki dairəsi üzrə 1000 məntəqədə veb-kameraların quraşdırılması və veb-kameralar quraşdırılan seçki məntəqələrinin siyahısının rəsmi dərc edilməsi barədə qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR