MSK: Məntəqə seçki komissiyaları Braylı əlifbası ilə yazılmış trafaret forması ilə təmin olunacaq

MSK: Məntəqə seçki komissiyaları Braylı əlifbası ilə yazılmış trafaret forması ilə təmin olunacaq
# 01 aprel 2018 12:37 (UTC +04:00)

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar hər bir məntəqə seçki komissiyası Braylı əlifbası ilə yazılmış trafaret forması ilə təmin olunacaq.

Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, gözdən əlil olan səsvermə hüquqlu vətəndaşlar onlar üçün hazırlanmış xüsusi trafaretlərdən istifadə etməklə seçki günü sərbəst şəkildə istədikləri namizədə səs verəcəklər.

Hərəkət qabiliyyətində məhdudiyyətlər olan seçicilərin sərbəst şəkildə seçki məntəqəsinə gələrək səs vermələri üçün isə daşına bilən panduslardan istifadə olunacaq. Respublika üzrə aparılan araşdırmalar nəticəsində 1455 məntəqədə hərəkət qabiliyyətində məhdudiyyətlər olan seçicilərin olduğu müəyyən edilib, həmin məntəqələrdə hərəkət qabiliyyəti məhdud olan seçicilərin maneəsiz hərəkəti üçün şərait yaradılıb və mobil panduslar quraşdırılıb. Beləliklə bütün seçki məntəqələri bu qəbildən olan seçicilər üçün əlverişli hala gətirilib. Həmin panduslar əlil arabasından istifadə etməklə hərəkət edən şəxslərin də sərbəst şəkildə məntəqəyə gələrək səs verməsinə imkan yaradacaq.

Ümumiyyətlə, Seçki Məcəlləsinin tələbinə əsasən Azərbaycanda keçirilən seçkilərdə seçki günü səhhətinə görə seçki məntəqəsinə gəlmək imkanı olmayan seçicilərin hər zaman daşınan seçki qutuları vasitəsilə yaşadıqları evdə səs verməsi təmin olunub. Panduslardan istifadə edilməsi onların cəmiyyətə inteqrasiyasına, digər seçicilər kimi sərbəst şəkildə seçki məntəqələrinə gələrək səs vermələrinə imkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR