Vüqar Rəhimzadə: "Türk xalqı daha parlaq gələcəyinə səs verdi"

Vüqar Rəhimzadə: "Türk xalqı daha parlaq gələcəyinə səs verdi"
# 25 iyun 2018 13:33 (UTC +04:00)

“Qardaş türk xalqı öz tarixi seçimini edərək güclü Türkiyənin daha parlaq gələcəyini təmin etdi”.

APA-nın məlumatına görə, bunu Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərinin nəticələrinə münasibət bildirən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.

V. Rəhimzadə deyib ki, iyunun 24-də Türkiyə Respublikasının tarixində kifayət qədər mühüm hadisə baş verib: “Qardaş ölkədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinə dair səsvermənin nəticələrinə görə Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçildi və onun sədri olduğu Ədalət və İnkişaf Partiyası seçicilərin etimadını qazandı. Beləliklə seçicilər səs çoxluğu ilə prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğana etimad göstərdilər. Bu gün Türkiyə regionda və dünya miqyasında mühüm əhəmiyyətə malik dövlətdir. Türkiyə kifayət qədər mürəkkəb geosiyasi coğrafiyada yerləşir. Xüsusilə Yaxış Şərqdə baş verən hadisələr bunu deməyə əsas verir. Bu region böyük “güclərin” maraqlarının toqquşduğu ən qaynar nöqtələrdən biridir. Etiraf etmək lazımdır ki, bu qüvvələrə də güclü Türkiyənin varlığı sərf etmir. Onlar hər vasitə ilə qardaş ölkəni münaqişələrin mərkəzinə çəkməyə, dolayısı ilə onu zəiflətməyə çalışırlar. Ancaq unudurlar ki, bu, mümkün deyil. Güclü, qüdrətli Türkiyə hər zaman var olub və olacaq. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dövlət müstəqilliyini daha da möhkəmləndirəcək, böyük zəfərlər qazanacaq.”

V. Rəhimzadə Türkiyənin sürətlə inkişaf edərək dünya “nəhəngləri” sırasına daxil olmaqda olduğunu vurğulayıb: “Bu gün dünyanın böyük dövlətləri-ABŞ, Rusiya Türkiyəni öz strateji tərəfdaşları hesab edir və onunla hesablaşırlar. Bu ölkələr qəbul etdikləri bir çox qərarlarda Türkiyənin maraqlarına xüsusi olaraq diqqət yetirirlər. Bu, bir daha onu göstərir ki, qardaş Türkiyə dünyada sayılıb seçilən, söz sahibi olan ölkələrdən biridir. Təbii ki, bu uğurların təməlində güclü iradə, möhkəm birlik, demokratiya və digər mühüm məqamlar dayanır. Digər tərəfdən, Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə Prezident seçilməsi Azərbaycan-Türkiyə dostluq və qardaşlığını, strateji münasibətlərini daha da möhkəmləndirəcək, gələcək üçün yeni perspektivlər yaradacaq. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın güclü siyasi iradələri, qətiyyətləri sayəsində Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı yüksələn xətlə inkişaf edəcək. Bu gün dünya Azərbaycan və Türkiyənin birgə imza atdıqları qlobal layihələrdən danışır. Dünyanın enerji tarixində mühüm yer tutan “Əsrin müqaviləsi”nin məhsulu olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum əsas ixrac neft və qaz kəmərlərinin tikilib istismara verilməsi, XXI əsrin layihəsi adlandırılan “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi nəticəsində istifadəyə verilən TANAP, tikintisi davam etdirilən TAP Azərbaycan və Türkiyə birgə səyləri, qətiyyəti sayəsində reallığa çevrilib. Güclü Türkiyə güclü Azərbaycan, güclü Azərbaycan isə güclü Türkiyə deməkdir. Bizim gücümüz birliyimizdədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR