Yaradıcı birlik və təşkilatlar İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyiblər

Yaradıcı birlik və təşkilatlar İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyiblər
# 09 fevral 2018 10:21 (UTC +04:00)

M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında ölkədəki yaradıcı birlik və təşkilatların rəhbər şəxsləri və üzvləri prezident seçkilərinə həsr edilmiş toplantı keçiriblər.

APA-nın məlumatına görə, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev Azərbaycanda dövlət səviyyəsində aparılan mədəniyyət siyasəti haqqında danışıb.

Birlik sədri qeyd edib ki, prezident İlham Əliyev mədəniyyətə və incəsənətə hər zaman diqqət və qayğı ilə yanaşıb: “Ölkə başçısı ədəbiyyatla bağlı çox mühüm işlərin görülməsi üçün tapşırıqlar verib, kitabların latın qrafikası ilə çap olunması ilə bağlı sərəncam imzalayıb. Yazıçılar Birliyinin 80 illik yubileyi yüksək səviyyədə keçirilib, birliyin binası müasir səviyyədə təmir olunub”.

Xalq Yazıçısı əlavə edib ki, bütün bunlar qarşıdakı seçkidə İlham Əliyevə səs verməyə əsas verir.

Azərbaycan Bəstəkarlar ittifaqının sədri, xalq artisti Firəngiz Əlizadə isə son illərdə Azərbaycanda musiqi sahəsində görülən işlərdən danışıb. O, ölkə başçısının və Heydər Əliyev Fondunun prezidenti, I vitse-prezident Mehriban Əliyevanın incəsənət xadimlərinə münasibətinin nümunəvi olduğunu diqqətə çatdırıb: “Biz sabit, əmin-amanlıq olan ölkədə yaşayırıq. Musiqimiz inkişaf edir, yeni əsərlər yazılır. Dövlət tərəfindən hər zaman diqqət görürük. Bu şəraiti bizə yaradan ölkə başçımızdır və biz yenə də səsimizi İlham Əliyevə verəcəyik”.

Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii-rəhbər direktoru Azər Paşa Nemətov, Memarlar İttifaqının sədri Elbəy Qasımzadə, Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımzadə, xalq yazıçısı Çingiz Abdullayev, xalq artistləri Hacı İsmayılov, Amaliya Pənahova, Afaq Bəşirqızı ölkə başçısının mədəniyyət və incəsənət sahəsinin inkişafı üçün atdığı addımlardan danışıb, aprelin 11-də keçiriləcək prezident seçkilərində İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

Qeyd olunub ki, ölkə başçısı təkcə mədəniyyət sahəsinə yox, bütün sahələrin inkişafı üçün məqsədyönlü və qətiyyətli siyasət aparır.

Sonda xalq yazıçısı Anar yaradıcı təşkilatlar adından qəbul olunmuş müraciəti oxuyub və müraciət iştirakçı təşkilatlar tərəfindən imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR