YAP-ın zona müşavirəsi keçirilib, Əli Əhmədov tapşırıqlarını verib

YAP-ın zona müşavirəsi keçirilib, Əli Əhmədov tapşırıqlarını verib
# 24 avqust 2019 15:00 (UTC +04:00)

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar rayon ilk təşkilat sədrləri ilə zona müşavirəsi keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, müşavirəni çıxış nitqi ilə Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov açıb.

Baş nazirin müavini bildirib ki, ölkəmiz bu gün çox böyük inkişaf dövrü keçir. Ə. Əhmədov 1990-ci illərin əvvəllərindəki Azərbaycanla indiki Azərbaycanı müqayisə edərkən indiki iqtidarın nə dərəcədə xalq üçün işlədiyini açıq-aydın göründüyünü qeyd edib.

YAP Sədrinin müavini bildirib ki, partiya üzvləri qazanılan uğurları geniş təbliğ etməli, bu işdə sosial şəbəkənin imkanlarından faydalanmalıdırlar. Müstəqil Azərbaycanın inkişafını görmək istəməyən dairələrin, o cümlədən radikal müxalifətin sosial şəbəkələr vasitəsilə ölkəmizə qarşı qarayaxma kampaniyası apardıqlarını diqqətə çatdıran Əli Əhmədov bu dairələrin əsl niyyətlərinin ifşa olunmasında gənclərin fəal olmasının vacibliyini vurğulayıb.

Bu il ölkəmizdə bələdiyyə seçkilərinin keçirləcəyini deyən YAP Sədrinin müavini partiyanın bu seçkilərə hazırlığı məsələləri haqqında da fikirlərini bildirib. O, partiyanın gənc üzvlərinin bələdiyyə seçkilərində namizədliklərinin irəli sürülməsində fəal olmağa çağırıb.

YAP-ın böyük gücə və cəmiyyətimizdə yüksək nüfuza malik olduğunu deyən Əli Əhmədov partiyanın siyasətinin xalqımız tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.

YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov, partiya həyatı ilə bağlı müşavirə iştirakçılarına müvafiq tövsiyə və tapşırıqlarını verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR