YAP Zaqatalada regional müşavirə keçirib - FOTO

YAP Zaqatalada regional müşavirə keçirib - FOTO
# 08 oktyabr 2019 13:21 (UTC +04:00)

Zaqatalada Yeni Azərbaycan Partiyasının (YAP) Zaqatala, Balakən və Qax rayon təşkilatlarının ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəallarının iştirakı ilə müşavirə keçirilib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, tədbirdə Baş Nazirin müavini, YAP sədrinin müavini Əli Həsənov və müvafiq rayonların icra başçıları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Müşavirə iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Baş Nazirin müavini, YAP sədrinin müavini Əli Həsənov çıxış edərək müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi kursunu rəhbər tutan Prezident İlham Əliyevin dövlətçiliyin möhkəmləndirilməsi, xalqın firavan həyat şəraitinin inkişaf etdirilməsi naminə daim milli və dövlət maraqlarından çıxış etdiyini bildirib.

YAP sıralarında 750 minə yaxın Azərbaycan vətəndaşının birləşdiyini diqqətə çatdıran Əli Həsənov qarşıda duran məqsədin 27 il əvvəl yaradılan partiyanın şəhər və rayon təşkilatlarının ilk təşkilatlarının fəaliyyətinin daha səmərəli olmasını təmin etmək olduğunu deyib.

Baş Nazirin müavini ölkənin inkişafını və güclənməsini istəməyən qüvvələrin olduğuna toxunaraq, sosial şəbəkələrdə ölkəmizə qarşı qarayaxma kampaniyasının aparıldığını vurğulayıb. Ə.Həsənov bildirib ki, YAP üzvləri ölkəmizin qazandığı nailiyyətlərin geniş təbliği işini fəal şəkildə aparmalı, ölkəmizə qarşı qarayaxma kampaniyası aparan dairələrin, radikal müxalifətin əsl niyyətlərini cəmiyyətimizdə ifşa etməlidirlər.

Müşavirədə ictimai-siyasi proseslərdə ərazi ilk partiya təşkilatlarının, partiya fəallarının üzərinə düşən vəzifələr müzakirə olunub, müvafiq tövsiyə və tapşırıqlar verilib.

Sonda YAP sıralarına yeni qoşulmuş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR