Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumu keçirilib

Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumu keçirilib
# 09 mart 2007 12:43 (UTC +04:00)
Foruma 48 ölkədən 513 nəfər qatılıb. Onlardan 173-ü Azərbaycan, 140-ı türk, 14-ü Axısxa, 23-ü İraq diaspor təşkilatlarının, 5-i isə Kipr türklərinin nümayəndəsidir. Forumda ən çox nümayəndə heyəti ilə təmsil olunan Türkiyə, Almaniya, ABŞ, Rusiya, Ukrayna, İsveç, Niderland, Rumıniya, Norveç və Litvadır. Tədbirdə Azərbaycan və Türkiyənin dövlət və hökumət nümayəndələri ilə yanaşı, Latviya, Estoniya, Litva, Ukrayna, Lüksemburq və digər ölkələrin Ali Qanunverici orqanının üzvləri, Estoniya, Bolqarıstan, Latviya, Litva, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət və hökumət üzvləri iştirak edir. Forumda Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası, Bakı Bəyannaməsi, türkdilli xalqlara müraciət, Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət nümayəndələrinə müraciət, 1915-ci il erməni soyqırımı ilə bağlı qərar qəbul edən ölkələrə etiraz bəyanatı qəbul ediləcək.
Forumda çıxış edən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov çıxış edərək, tədbirin məqsədi, əhəmiyyəti və iştirak edən qonaqlar barədə məlumat verib. “Bir millət - iki dövlət” filmi nümayiş olunduqdan sonra Azərbaycan prezidenti İlham Əliyev çıxış edib. Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr olduğunu deyən dövlət başçısı bu əməkdaşlığın bütün dünyaya nümunə olduğunu bildirib: “Dünyada Azərbaycanla Türkiyə qədər həm milli-etnik baxımdan, həm də siyasi cəhətdən bir-biri ilə yaxın olan başqa dövlətlər yoxdur. Bu işdə diaspor təşkilatlarının da üzərinə böyük vəzifələr düşür”. Azərbaycanın iqtisadi uğurlarından və bölgədəki rolunun güclənməsindən danışan İlham Əliyev bunun həm də türkdilli ölkələrə böyük dəstək olduğunu vurğulayıb: “Bu forum bizim birliyimizi göstərir. Biz buna layiqik”. Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi böyük iqtisadi layihələrdən söz açan prezident buna misal olaraq Bakı-Tiflis-Ceyhan neft kəməri və Bakı-Tiflis-Axalkələk-Qars dəmir yolu xətti layihələrini göstərib. Onun sözlərinə görə, bəzən bu layihələrə qarşı ədalətsiz yanaşma müşahidə olunur: “Ancaq biz bunlara əhəmiyyət vermirik. Artıq iki ölkə arasındakı münasibətlər beynəlxalq siyasətin aparıcı amilinə çevrilib. Hər iki ölkədə yüksək səviyyədə tolerantlıq mövcuddur”. 2001 və 2006-cı illərdə Bakıda Dünya Azərbaycanlılarının Qurultayının keçirildiyini xatırladan ölkə başçısı Azərbaycan diasporunun formalaşması prosesinə müsbət təsirindən danışıb. Onun fikrincə, Azərbaycan və Türk diaspor təşkilatları əlaqəli şəkildə fəaliyyət göstərməlidir: “Çünki beynəlxalq aləmdə bizim haqqımızda dolğun məlumatlar yoxdur. Güclü erməni lobbisi də bizim əleyhimizə işləyir. Diaspor təşkilatlarının nümayəndələri fəaliyyət göstərdikləri ölkələrdə baş verən ictimai-siyasi proseslərdə fəal iştirak etməli, qanunverici orqanlarda təmsil olunmağa, önəmli yer tutmağa çalışmalıdırlar. Türk diaspor təşkilatları bu sahədə bir sıra uğurlar əldə ediblər. Bu uğurları daha da artırmaq lazımdır. Biz dövlət olaraq bunun üçün lazım olan dəstəyi verməyə, üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq”. Azərbaycan və Türk diaspor təşkilatlarının bundan sonra vahid orqanizm kimi fəaliyyət göstərəcəyini vurğulayan İlham Əliyev onları vətənlə sıx əlaqədə işləməyə çağırıb: “Erməni lobbisinin bizə qarşı fəaliyyətini ancaq bu cür əngəlləmək olar. Onların özləri bizə qarşı soyqırım törətdiyi halda, bizləri qondarma “soyqırım”da ittiham edirlər. Nədənsə ermənilərin türk diplomatlarını qətlə yetirilməsi, tarix boyu türk millətinin başına gətirilənlər bir kənarda qalır, ancaq qondarma “erməni soyqırımı” müzakirə obyektinə çevrilir, tutulan erməni terrorçular sonradan azadlığa buraxılır”. Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin I Forumunun müsbət nəticə verəcəyinə inandığını söyləyən ölkə başçısı daim onlara dəstək verəcəyini bəyan edib.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycana növbəti dəfə səfər etməkdən və forumda iştirakından məmnun olduğunu vurğulayıb. Onun sözlərinə görə, Şimali Kiprin türk xalqının lideri Mehmet Əli Tələtin bu toplantıda iştirakı xüsusi əhəmiyyətə malikdir: “Azərbaycan prezidenti İlham Əliyevin ev sahibi olaraq Quzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Tələti bu toplantıya dəvət etməsi bizim üçün çox önəmlidir. Bundan dolayı çox təşəkkür edirik”. Türkiyə ilə Azərbaycan arasında həyatın bütün sahələrində əlaqələrin olduğunu deyən Rəcəb Tayyib Ərdoğan bu əməkdaşlığın tarixi köklərə malik olduğunu və həmişə davam edəcəyini bildirib. Ermənilərin Türkiyəyə qarşı “soyqırım” iddialarına toxunan baş nazir tarixçi və hüquqşünaslardan ibarət birgə komissiya yaradılması ilə bağlı Ermənistan prezidenti Robert Köçəryana göndərdiyi rəsmi təklifi xatırladıb: “Onlar bu təklifə cavab vermədilər. Çünki bilirdilər ki, biz onların qarşısına Xocalı soyqırımını qoyacağıq. Xocalı soyqırımı çox yaxın illərdə baş verən qətliamdır. Azərbaycan torpaqlarının hələ də işğal altında olması, bir milyona yaxın vətəndaşın torpaqlarından uzaq, qaçqın və köçkün durumda yaşaması türk xalqının qanayan bir yarasıdır”. Diaspor təşkilatlarını qarşılıqlı əlaqəli şəkildə fəaliyyət göstərməyə çağıran Rəcəb Tayyib Ərdoğan yalnız bu yolla həqiqətləri dünyaya çatdırmağın mümkünlüyünü bildirib.
Şimali Kiprin türk xalqının lideri Mehmet Əli Tələt çıxışında forumda iştirak etməkdən məmnunluğunu bildirib: “Şimali Kiprin türk xalqı üçün bu toplantıda təmsil olunmaq çox önəmlidir. Bu, bizim dünyada tək olmadığımızı göstərir”.
Daha sonra Forumda Latviya, Estoniya, Özbəkistan, Qırğızıstan, Qazaxıstanın dövlət rəsmiləri təbrik nitqləri ilə çıxış ediblər. Forum ayrı-ayrı işçi qruplarında davam etdirilir./APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR