DAK sədri Cavad Derəxti mətbuat konfransı keçirib

DAK sədri Cavad Derəxti mətbuat konfransı keçirib
# 12 mart 2007 13:35 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Cavad Derəxti bu gün mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, C. Derəxti ötən ilin dekabrında Türkiyəyə etdiyi səfərini xatırladıb və bu ölkədə keçirilən tədbirləri uğurlu adlandırıb. O, DAK-ın nəzdində fond yaradıldığını diqqətə çatdırıb və qurumun beynəlxalq təşkilatlarla qurduğu əlaqələrin genişləndirildiyini deyib: “DAK-da Qarabağ problemi ilə bağlı müavin postu yaradılıb və təşkilatın DAK adlı jurnalı nəşrə başlayıb”. DAK Məclisinin sədri Sabir Rüstəmxanlı isə DAK-ın fəaliyyət istiqamətləri haqda danışıb və bunun Qarabağ, İrəvan və Güney Azərbaycan məsələləri olduğunu qeyd edib. S. Rüstəmxanlı İranda yaşayan azərbaycanlıların hüquqlarının tapdalandığına diqqəti yönəldib və burada yaşayan azərbaycanlıların milli mübarizəsinin yaxın illərdə uğurla yekunlaşacağını vurğulayıb. O, bu istiqamətdə DAK-ın üzərində böyük məsuliyyət düşdüyünü bildirib. DAK Məclisinin üzvü Əjdər Tağızadə də İranda yaşayan azərbaycanlıların hüquqlarına toxunub. O bildirib ki, Azərbaycan ərazilərinə sonradan köçürülən kürdlər Tehran rejimi tərəfindən azərbaycanlılara qarşı silahlandırılır. Milli Məclisin üzvü Həvva Məmmədova dünya azərbaycanlılarının həmrəyliyə ehtiyacı olduğunu deyib. DAK sədrinin türk dövlətləri üzrə müavini Tənzilə Rüstəmxanlı qurumun fəaliyyətini tənqid edib. O, DAK-ın Xocalı ilə bağlı Türkiyədə keçirdiyi tədbirləri qənaətbəxş hesab etmədiyini də deyib: “Ermənilər bir nəfərin ölümü ilə əlaqədar İstanbulda yüz minlik mitinq keçirdikləri halda, Xocalı ilə bağlı bundan dəfələrlə zəif aksiya keçirilib. Bu o deməkdir ki, DAK-ın nə Məclisi, nə də rəhbərliyi işləmir”. DAK sədri Cavad Derəxti isə ittihamlarla razılaşmadığını və qurumun öz imkanları səviyyəsində fəaliyyət göstərdiyini bildirib. Milli Məclisin üzvü Qüdrət Həsənquliyev DAK-ın xarici ölkələrdə təbliğat işinin zəif təşkil edildiyini və mətbuatla yetərincə əməkdaşlıq edilmədiyini söyləyib. /APA/

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR