Nazim İbrahimov: “İnanıram ki, başqa türk dövlətləri də Azərbaycanla Türkiyə kimi sıx əməkdaşlıq edəcək”

Nazim İbrahimov: “İnanıram ki, başqa türk dövlətləri də Azərbaycanla Türkiyə kimi sıx əməkdaşlıq edəcək”
# 16 mart 2007 11:38 (UTC +04:00)
Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Yeni Azərbaycan Partiyasının qərargahında mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, komitə sədri martın 9-da keçirilən Azərbaycan və Türk Diasporlarının I Forumunun nəticələri barədə məlumat verib. Nazim İbrahimov forumun Azərbaycan-Türkiyə dostluğunun daha da möhkəmlənməsinə, türk xalqlarının birliyinə imkan yaradacağını vurğulayıb: “İnanıram ki, başqa türk dövlətləri də Azərbaycanla Türkiyə kimi sıx əməkdaşlıq edəcək və biz bir qədər sonra “Bir millət, yeddi dövlət” sözlərini də eşidəcəyik”. Komitə sədri keçirilən forumun indiyə qədər Türklüyə önəm verilməməsi barədə iqtidarın ünvanına səslən ittihamların yanlış olduğunu təsdiqlədiyini deyib. Onun sözlərinə görə, forum Azərbaycanda diaspora işinin mütəşəkkil şəkildə qurulduğunu sübut edib. Komitə sədri Azərbaycan və türk diasporlarının dünyada məşhur olan başqa xalqların, ölkələrin diaspora təşkilatları ilə əməkdaşlıqda, iş birliyində maraqlı olduğunu qeyd edib. N. İbrahimov Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun sədri Yevda Abramovun yəhudi diasporunun Türk-Azərbaycan diasporları ilə birgə fəaliyyət göstərməsi təklifinə də müsbət yanaşdıqlarını bildirib. “Güman edirəm ki, bu ideya gerçəkləşəcək. İsraildə yaşayan 100 minə yaxın azərbaycanlı dağ yəhudilərinin “Azİs” adlı təşkilat yaradılıb və bu yaxınlarda qurumun forumu keçiriləcək. Foruma qurum olaraq biz də qatılmaq istəyirik”. Komitə sədri 31 mart - azərbaycanlıların soyqırımı günü ilə bağlı dünyanın bir çox ölkələrində tədbirlərin keçiriləcəyini nəzərə çatdırıb. Onun sözlərinə görə, gələn ildən bu kimi günlərin hamısını Xocalı soyqırımı günündə daha geniş şəkildə qeyd olunması barədə düşünürlər. Rusiyanın miqrasiya qanunvericiliyinə edilən düzəlişlərdən sonra soydaşlarımız üçün ciddi problemin yaranmadığını nəzərə çatdıran komitə sədri gələcəkdə həmin ölkənin sözügedən qanuna yenidən dəyişikliklər edə biləcəyini deyib. /APA/

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR