Azərbaycanın Rusiyadakı səfirliyində bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib

Azərbaycanın Rusiyadakı səfirliyində bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib
# 06 aprel 2007 10:09 (UTC +04:00)
Moskvada fəaliyyət göstərən “Birlik” gənclər təşkilatının təşəbbüsü ilə Azərbaycanın Rusiyadakı səfirliyində azərbaycanlı gənclərlə görüş keçirilib. APA-nın Şərqi Avropa bürosunun məlumatına görə, tədbirdə Rusiya paytaxtında təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda fəaliyyət göstərən Azərbaycan Klubunun rəhbəri Leyla Əliyeva bütün dünyada təhsil alan gənclərin daha da təşkilatlanmasını zəruri hesab edərək, heç bir halda ədavətə yol verməyin doğru olmadığını bəyan edib. O, hər bir ali təhsil ocağında eyni tipli klubların təsis edilməsini və təhsilini davam etdirən gənclərimizin tam informasiya bazasının yaradılmasını təklif edib. Bauman adına Moskva Dövlət Texnik Universitetinin doktorantı Pərviz Əkbərov isə Azərbaycanlı Gənclərin Avropa Forumu (FASE) haqda məruzə edib. O, bildirib ki, bu tipli forumların bir sıra Avropa şəhərlərində keçirilməsi nəzərdə tutulub. MDBMİ-nin tələbəsi Vüsal Abbasov isə Azərbaycan ilə bağlı tədbirlərin keçirilməsi məqsədilə ayrı-ayrı universitetlərdə operativ işçi qruplarının yaradılmasının gərəkliyindən danışıb. Görüşün sonunda Rusiyadakı ali təhsil müəssisələrində yaradılacaq Azərbaycan klublarının müəyyən vaxtdan sonra vahid Azərbaycan Klubu çərçivəsində birləşdirilməsi qərara alınıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR