Tel-Əvivdə Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsis qurultayı keçirilib

Tel-Əvivdə Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsis qurultayı keçirilib
# 13 aprel 2007 09:38 (UTC +04:00)
APA-nın İsrail bürosunun xəbərinə görə, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov çıxışının əvvəlində Azərbaycan prezidenti İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub. Daha sonra Azərbaycan və yəhudi xalqlarının tarixi əlaqələrinə toxunan N. İbrahimov bu münasibətləri səmimi dostluq nümunəsi adlandırıb. O, yəhudilərin 2000 ildən çoxdur Azərbaycanda yaşadığını və heç vaxt təqib və alçalmalara məruz qalmadığını bildirib. Komitə sədri hazırda Azərbaycanda 16 min yəhudinin yaşadığını deyib: “Bizdə antisemitizm yoxdur və heç vaxt olmayıb”. N. İbrahimov Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının iki ölkə arasında əməkdaşlığın inkişafına ciddi stimul verəcəyinə inandığını da vurğulayıb. İsrail baş nazirinin müavini, strateji planlaşdırma məsələləri üzrə nazir, ”Bizim evimiz - İsrail“ Partiyasının lideri Aviqdor Liberman da iştirakçıları təbrik edərək Azərbaycanla İsrail arasındakı münasibətləri yüksək qiymətləndirib. O, assosiasiyanın yaradılmasını xalq diplomatiyasının əsl nümunəsi kimi qiymətləndirərək bunun iki ölkə münasibətlərinin inkişafına xüsusi töhfə verəcəyini söyləyib. Baş nazirin digər müavini, nəqliyyat naziri, general Şaul Mofaz Azərbaycandan İsrailə köçən şəxslərin diaspora təşkilatı yaratmasını alqışlayıb. O, Azərbaycandan köçən yəhudilərin müasir İsrail cəmiyyətinin inkişafında mühüm rol oynadığını bildirib: “Çox vacib və təqdirəlayiqdir ki, 10-15 ildən çoxdur İsraildə yaşamalarına və əsl israilliyə çevrilmələrinə baxmayaraq, Azərbaycandan köçən insanlar öz köklərini, mədəniyyətini, doğulub böyüdükləri ölkənin dilini, ənənələrini unutmurlar”. Turizm naziri İsxaki Aaronoviç də tədbir iştirakçılarını salamlayaraq İsrail və Azərbaycanın bir çox ümumi cəhətlərə malik olduğunu vurğulayıb. Onun fikrincə, yeni təşkilat qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni yollar və imkanlar açıq. Daha sonra qurultay nümayəndələri assosiasiyanın Nizamnaməsini qəbul ediblər. Keçirilən səsvermə nəticəsində İsrail Knessetinin üzvü, sabiq bakılı İosif Şaqal Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının sədri seçilib. Nexamiya Mixaeli, Aleks Şapiro və Nina Yarovaya isə qurumun vitse-prezidentləri seçiliblər. İ. Şaqal iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində çalışacaqlarını bəyan edib. Onun sözlərinə görə, tədbirdə İsrail hökumət nümayəndələrinin və Nazim İbrahimovun iştirakı qurultayın səviyyəsini və əhəmiyyətini daha da yüksəldib: “İsraildəki heç bir icmanın toplantısında bu cür yüksək səviyyəli iştirak olmayıb”. Tədbirin bədii hissəsində Azərbaycan incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər. Qurultay Azərbaycan və İsrail dövlət himnlərinin sədaları altında başa çatıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR