Nazim İbrahimov: “Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının yaradılması ikitərəfli münasibətlərin inkişafına böyük təsir göstərəcək”

Nazim İbrahimov: “Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının yaradılması ikitərəfli münasibətlərin inkişafına böyük təsir göstərəcək”
# 14 aprel 2007 09:02 (UTC +04:00)
Bu günlərdə Təl-Əviv şəhərində Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının yaradılıb. Assosiasiyanın təsis toplantısında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da iştirak edib. N. İbrahimov səfərinin yekunları ilə bağlı APA-nın İsrail bürosuna eksklüziv müsahibə verib.

- İsrailə səfərinizi necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, səfər çox yüksək səviyyədə keçdi. Burada olan görüşlərimiz, keçirilən tədbirlər, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının yaradılması bir daha onu göstərdi ki, bu səfərimiz gələcəkdə Azərbaycan-İsrail münasibətlərinin daha da genişlənməsinə xidmət edəcək. Bu assosiasiya Azərbaycandan İsrailə köçmüş insanların həm İsrailin siyasi ictimai-siyasi həyatında aktiv iştirakını, həm də Azərbaycan ətrafında daha sıx birləşməsini təmin edəcək. Nəticədə isə atılan addımlar Azərbaycan-İsrail münasibətlərinin daha da genişlənməsinə və möhkəmlənməsinə yardım göstərəcək.
- İsraildəki Azərbaycan diasporu yalnız etnik azərbaycanlıları deyil, eyni zamanda Azərbaycandan İsrailə köçmüş yəhudiləri də birləşdirir. Bu faktora münasibətiniz necədir...
- Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin məqsədi yalnız etnik azərbaycanlıların deyil, bütün dünyada əslən azərbaycanlı olan, yəni Azərbaycanda doğulmuş və Azərbaycan Respublikası ilə bağlı olan başqa millətlərin nümayəndələrini də tarixi vətənləri olan Azərbaycan ətrafında sıx birləşdirməkdir. Biz bu işi prezident İlham Əliyevin tapşırığı ilə ilk gündən görürük. Bu gün yaradılan assosiasiya Azərbaycandan İsrailə köçmüş yəhudilərin təşkilatıdır. Fəqət bu assosiasiyada etnik azərbaycanlıları birləşdirən komissiya da fəaliyyət göstərir. Biz burada heç bir fərq görmürük. Həm İsraildə yaşayan azərbaycanlılar, həm də Azərbaycandan İsrailə köçmüş yəhudilər Azərbaycanı unutmamalı, Azərbaycanın adını İsraildə tanıtmalı və bizim mədəni irsimizin burada yayılması üçün çox iş görməlidirlər. Bu faktorlar bizim iki xalq və dövlət arasında mövcud dostluğu və ikitərəfli münasibətləri daha da möhkəmləndirəcək.
- Səfəriniz zamani İsrailin rəsmiləri ilə görüşləriniz oldumu?
- İsrail parlamentinin spikeri və eyni zamanda İsrail prezidentinin səlahiyyətlərini icra edən xanım Daliya İsiqlə, baş nazirin müavini cənab Libermanla, nəqliyyat naziri general Şaul Mofazla, Absorbsiya naziri cənab Boymla görüşlərim oldu. Eyni zamanda İsrail Xarici İşlər Nazirliyinin Avrasiya Departamentinin rəhbərləri mənimlə görüşə gəlmişdilər. Bu görüşlər Azərbaycan-İsrail münasibətlərinin genişlənməsinə yardım edəcək. Eyni zamanda bu görüşlərdən bu nəticəyə gəldim ki, İsraildə Azərbaycan haqqında ətraflı məlumatlar var. İsrail rəsmiləri Azərbaycanda gedən proseslər, sosial-iqtisadi islahatlar, prezident İlham Əliyevin apardığı siyasətin nəticələri haqqında məlumatlıdırlar. Təbii ki, görüşlər zamani İsrail tərəfindən ikitərəfli münasibətlərin genişlənməsi üçün müəyyən addımlar da atıldı. Güman edirəm ki, gələcəkdə Azərbaycan-İsrail münasibətlərində inkişaf dinamikası daha da yüksələcək. İnanıram ki, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası Azərbaycan-İsrail münasibətlərinin inkişafı istiqamətindən öz missiyasını layiqincə yerinə yetirəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR