Beynəlxalq Türk Akademiyası 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsini alqışlayıb

Beynəlxalq Türk Akademiyası 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsini alqışlayıb
  • Clock-gray 17:17
  • calendar-gray 05 Yanvar 2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2021-ci ilin dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 880 illik yubileyi şərəfinə Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi əhamiyyəti hadisə kimi bütün Türk dünyasında xüsusi rəğbətlə qarşılanıb.

APA-nın məlumatına görə, Beynəlxalq Türk Akademiyası tərəfindən Prezidentin qərarını təqdir edilib, dahi şair və mütəfəkkirin 880 illik yubileyi təşkilatın 2021-ci il üçün fəaliyyət planına daxil edilməklə bu qərara dəstək ifadə olunub.

“Nizami Gəncəvi insanlıq üçün böyük xəzinə olan yaradıcılığı ilə təkcə Azərbaycanın və Türk dünyasının deyil, bütün bəşəriyyətin əvəzsiz mənəvi sərvətinə çevrilmişdir. Onun yaradıcılığının tədqiqi və dünya miqyasında təbliği Beynəlxalq Türk Akademiyasının da prioritetləri sırasındadır.

Akademiya “Türk dünyası ədəbiyyat antologiyaları” seriyasından 2018-ci ildə nəşr etdiyi “Azərbaycan ədəbiyyatı antologiyasını” da məhz dahi şairin əsərləri ilə başlamışdır. Ötən ilin dekabr ayının 30-da isə Azərbaycanda fəaliyyət göstərən, Nizami Gəncəvinin əsərlərində təbliğ etdiyi ümumbəşəri dəyərləri daha geniş miqyasda dünyaya təbliğ etməklə məşğul olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Beynəlxalq Türk Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Bu çərçivədə 2021-ci il ərzində beynəlxalq arenada birgə tədbirlərin təşkili planlaşdırılmışdır.

Hesab edirik ki, müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq, tolerantlıq və anlaşmanın təbliği baxımından “Nizami Gəncəvi İli” çərçivəsində keçiriləcək tədbirlər əhəmiyyətli beynəlxalq əməkdaşlıq platforması formalaşdıracaq, böyük mütəfəkkirin irsinin daha ətraflı tədqiqinə önəmli töhfə olacaq”, - deyə Beynəlxalq Türk Akademiyasının məlumatına bildirilir.

apa-logo-mini

Digər xəbərlər