Fuad Muradov: “27 ölkəni əhatə edən 11 Koordinasiya Şurası təsis olunub”

Fuad Muradov: “27 ölkəni əhatə edən 11 Koordinasiya Şurası təsis olunub”
# 05 dekabr 2019 12:08 (UTC +04:00)

“Diasporla İş üzrə Dövlət Komitəsinin “Strateji Yol Xəritəsi” hazırlanıb”.

APA-nın xəbərinə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb və fəaliyyət göstərir: “Bu günədək 88 diaspor təşkilatı və 69 fərdi şəxs müvafiq elektron qeydiyyatdan keçib. Təşkilatların təqdim etdiyi 66 layihədən 32-si maliyyələşdirilib. Ümumilikdə, 27 ölkəni əhatə edən 11 Koordinasiya Şurası təsis olunub”.

F. Muradov bildirib ki, Diasporla iş Üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızla bağlı dövlət siyasətini həyata keçirən mərkəzi icra qurumudur: “Çalışırıq ki, dünyada yaşayan azərbaycanlılar milli və dövlətçilik maraqlarımız ətrafında daha sıx birləşsinlər. Hədəfimiz ondan ibarətdir ki, yaşadığı ölkədən asılı olmayaraq, hər bir soydaşımız müstəqil, qüdrətli Azərbaycan dövlətini öz yanında görsün. “Mən hər bir azərbaycanlının prezidenti olacağam” fikrinə uyğun olaraq, ölkə başçısı İlham Əliyevin diqqət və qayğısını hiss etsin. Dövlət Komitəsinin əsasnaməsi ilə qarşıya qoyulan vəzifələr var. Bu vəzifələrə və dövlət başçımızın tapşırıqlarına uyğun olaraq ardıcıl fəaliyyət göstəririk. Bu yolda prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi xüsusi qeyd edilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR