Kanadanın xarici işlər naziri soydaşlarımızın məktubunu cavablandırıb

Kanadanın xarici işlər naziri soydaşlarımızın məktubunu cavablandırıb
# 31 mart 2021 15:23 (UTC +04:00)

Kvebek Azərbaycanlıları Assosiasiyası 31 mart – Azərbaycanlıların soyqırımı günü ilə bağlı Kanadanın parlament üzvlərinə məktub ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, məktubda 1918-ci il 31 mart – 3 aprel tarixləri arasında erməni silahlı dəstələrinin və havadarlarının dinc azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğın barədə ətraflı məlumat verilib. Bildirilib ki, Bakı şəhərini və Bakı quberniyasının müxtəlif bölgələrini, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər əraziləri əhatə edən soyqırımı zamanı minlərlə azərbaycanlı, o cümlədən qadınlar, uşaqlar və yaşlılar vəhşicəsinə qətlə yetirilib, müxtəlif tikililər və tarixi memarlıq abidələri dağıdılıb. Bu kütləvi qırğının Azərbaycan tarixinin qanlı səhifələrindən biri olduğu vurğulanıb.

Həmçinin Kanadanın xarici işlər naziri Mark Qarneu (Marc Garneau) Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ermənilərin törətdikləri talan və dağıntılar barədə Kanada Azərbaycanlıları Şəbəkəsinin (KAŞ) məktubunu cavablandırıb.

KAŞ İdarə Heyətinin sədri Anar Cahangirliyə ünvanlanmış cavab məktubunda nazir bildirib ki, ölkəsi Dağlıq Qarabağda hərbi əməliyyatların sona çatmasını alqışlayır, tərəfləri möhkəm sülhün əldə olunmasına çağırır və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair bütün qətnamələrini dəstəkləyir.

Azərbaycanın irəli sürdüyü infrastruktur layihələrinin daha geniş iqtisadi və regional əməkdaşlıq və inteqrasiya imkanları yaradacağından məmnunluğunu ifadə edən nazir Qarabağ bölgəsində ərazilərin minalardan təmizlənməsinin və mülki vətəndaşların öz torpaqlarına təhlükəsiz şəkildə qayıtmasının təmin edilməsinin vacibliyini vurğulayıb.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR