Rusiyadakı Azərbaycan diasporunun lideri Fazil Qurbanov vəfat edib

Rusiyadakı Azərbaycan diasporunun lideri Fazil Qurbanov vəfat edib
# 23 dekabr 2020 12:21 (UTC +04:00)

Rusiyadakı Azərbaycan diasporunun lideri, akademik Fazil Qurbanov vəfat edib.

Bu barədə APA-nın Moskva müxbirinə Fazil Qurbanovun müşaviri Kamran Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, Fazil Qurbanov ötən gecə saat 3 radələrində koronavirusdan müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Qurbanov Fazil Səməd oğlu 1944-cü il fevralın 18-də Bakıda doğulub. 1973-cü ildə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsini bitirib. 1975-ci ildən Azərbaycan Elmlər Akademiyasının (EA) Fiziologiya İnstitutunun cərrahiyyə qrupunun elmi işçisi (elmi rəhbəri SSRİ Tibb Elmləri Akademiyasının (TEA) akademiki M.A.Topçubaşov) olub. F.Qurbanov 1980-ci ildə SSRİ TEA-nın Ümumittifaq Elmi-Cərrahiyyə Mərkəzi (ÜECM, indiki Rusiya Tibb Elmləri Akademiyasının Elmi-Cərrahiyyə Mərkəzi) nəzdində aspiranturaya daxil olub. 1983-cü ildə “Cərrahi müalicədən sonra kardiospazm residivində pnevmatik kardiodilatasiya” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Tibb elmləri doktoru olan F. Qurbanov 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildən isə həqiqi üzvü olub.

Allah rəhmət eləsin!

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR