ABŞ-ın Corc Vaşinqton Universitetində Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib - FOTO

ABŞ-ın Corc Vaşinqton Universitetində Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib - FOTO
# 26 fevral 2023 23:50 (UTC +04:00)

ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən Corc Vaşinqton Universitetində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar konfrans keçirilib.

APA xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Corc Vaşinqton Universitetinin Azərbaycanlı Tələbələr Təşkilatının təşəbbüsü ilə baş tutan tədbir Xocalı soyqırımı haqqında məlumatlılığın artırılması, Qarabağ və regiondakı mövcud vəziyyətlə bağlı gerçək faktların çatdırılması, erməni dezinformasiyalarının qarşısının alınması, bölgədəki sülh və normallaşma prosesinə diqqətin cəlb olunması məqsədilə təşkil edilib.

Tədbir Xocalı soyqırımın qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Xocalı faciəsinin azərbaycanlılara qarşı məqsədyönlü törədilmiş bir soyqırım olduğunu vurğulayaraq, beynəlxalq arenada hər bir ölkə tərəfindən tanınması üçün hər kəsin əlindən gələni etməsinin vacib olduğunu vurğulayıb.

Hər iki Qarabağ müharibəsinin iştirakçısı olan hərbi attaşe Rüstəm Gözəlov ermənilərin o gecə Xocalıda törətdiklərinin insanlığa qarşı bir cinayət olduğunu bildirib.

Maraqlı müzakirə şəraitində keçən konfransda Xocalıya ədalət, Xocalının bəşəri cinayət olması və cinayətkarların beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməsi tələbləri ilə bağlı fikirlər səslənib.

Daha sonra Xocalı soyqırımından bəhs edən videofilm nümayiş olunub. Corc Vaşinqton Universitetinin tələbələri Davud Kazdal, Kənan Məmmədov, Əli Məmmədov, Toğrul Ağbabalı, Humay Sadiq və Ayla Kərimova tərəfindən təşkil olunan tədbir amerikalı musiqici Cefri Verbokun çıxışı ilə başa çatıb.

Tədbir çərçivəsində Xocalı soyqırımını əks etdirən fotosərgi təşkil edilib. Sonda tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımı haqqında kitablar, broşürlər, nişanlar və “Sonsuz dəhliz” filminin diskləri paylanıb.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR