Arxangelskdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olub - FOTO

Arxangelskdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olub - FOTO
# 19 sentyabr 2022 12:42 (UTC +04:00)

Rusiyanın Arxangelsk şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olub.

APA-nın Rusiya bürosu xəbər verir ki, Arxangelsk vilayətinin Azərbaycan diasporu tərəfindən yaradılan mərkəz 31 nömrəli Uşaq İncəsənət Məktəbində yerləşir. Azərbaycanda Milli Musiqi Gününə həsr olunan açılış mərasimində Arxangelsk şəhərinin və vilayətinin müxtəlif hakimiyyət orqanlarının və ictimai təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Arxangelskdəki Azərbaycan diasporunun rəhbəri Tərlan Qasımov Rusiya-Azərbaycan münasibətlərindən danışaraq, iki ölkə arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin yüksələn xətlə inkişaf etdiyini söyləyib: “Bu gün xüsusi bir gündür. Azərbaycanda bu gün Milli Musiqi Gününü kimi qeyd olunur. Bu münasibətlə biz diaspor təşkilatı olaraq dahi Azərbaycan müğənnisi və musiqiçisi Müslum Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin açılışını edirik. Bu gün bizim vəzifəmiz öz fəaliyyətində böyük uğurlar qazanmış, eyni zamanda xalqlarımız arasında əlaqələrin inkişafına böyük töhfə vermiş belə böyük və istedadlı insanların xatirəsini əbədiləşdirməkdir”.

Arxangelsk vilayətinin dumasının vitse-spikeri Aleksandr Dyatlov Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin açılışını vilayətin ictimai-mədəni həyatında əlamətdar hadisə adlandırıb. Onun sözlərinə görə, bu əlamətdar hadisə Azərbaycan diasporunun Arxangelsk vilayətinin ictimai həyatında necə fəal iştirak etdiyinin göstəricisidir.

Tədbirdə çıxış edən Arxangelsk vilayətinin İctimai Palatasının sədr müavini Olqa Fafonova, Təhsil Departamentinin sədri Nina Filimonava və digər natiqlər Azərbaycandan olan mədəniyyət xadimlərinin, musiqiçilərin Rusiya və Azərbaycan xalqlarının arasında olan əlaqələrə böyük töhvə verdiyini vurğulayıblar.

Açılış mərasimində məşhur opera müğənnisi, SSRİ Xalq Artisti Tamara Sinyavskaya və Azərbaycan Respublikasının Xalq Artisti Emin Ağalarovun video təbrikləri nümayiş olunub.

Konsert proqramına milli musiqi nömrələri, həmçinin Müslüm Maqomayevin repertuarından mahnılar daxil edilib.

Tədbir Müslüm Maqomayevin repertuarından və digər milli Azərbaycan musiqilərindən ibarət konsert proqramı ilə başa çatıb.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR