Diaspor Gənclərinin II Yay Düşərgəsi davam edir

Diaspor Gənclərinin II Yay Düşərgəsi davam edir
  • Clock-gray 19:45
  • calendar-gray 12 İyul 2019

Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə Şamaxıda keçirilən “Nəsimi-650” Diaspor Gənclərinin II Yay Düşərgəsi davam edir. 

APA-nın yerli bürosunun xəbərinə görə, düşərgə çərçivəsində iyulun 12-də keçirilən diaspor ilə medianın əməkdaşlığna həsr olunmuş paneldə “APA Group”un rəhbəri Vüsalə Mahirqızı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Diasporla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Cahid İsmayıloğlu düşərgə iştirakçıları ilə görüşüblər.

Vəsilə Vahidqızının moderatorluğu ilə keçirilən paneldə qonaqlar “Nəsimi ili”ndə dünya azərbaycanlılarının qədim Şamaxıda bir araya gəlməsini müsbət hadisə kimi qiymətləndirib, yay düşərgəsinin mahiyyəti, dövlətin diaspor siyasətində bu layihənin yeri və hədəfləri barədə danışıb.

Vüsalə Mahirqızı, Rəşad Məcid və Cahid İsmayıloğlu görüş zamanı Almaniya, Hollandiya, Rusiya, Xorvatiya, Macarıstan və Gürcüstandan gələn gənclərin ictimai-siyasi proseslər, Azərbaycanda medianın inkişafı, informasiya siyasətində geri qalmamaq üçün görülməsi vacib olan işlər, xəbərlərin dəqiq və operativ çatdırılması, ölkəmizdə medianın gələcəyi, sosial şəbəkələrdə ölkəmizin reallıqları ilə bağlı təbliğatın düzgün aparılması və digər sahələrlə bağlı suallarını cavablandırıblar. 
Qeyd olunub ki, xarici ölkələrdə baş verən hadisələr barədə məlumatlar Azərbaycan mediasında həmin dövlətlərin rəsmi qurumlarına istinad edilərək dərc edilir, mətbuatda insanların görmək istədikləri xəbərlər deyil, real faktlar əsasında hazırlanan məlumatlar verilir. 
Xarici ölkələrdə yaşayan gənclərə həmin ölkələrdə fəaliyyət göstərən media qurumları ilə sıx əlaqə yaratmaq, xarici mətbuatda çalışan jurnalistlərlə dostluq etmək, Azərbaycan barədə məlumatları xarici mətbuatda dərc etmək, sosial şəbəkələrdə aktiv olmaq, ölkəmiz barədə tez-tez maarifləndirici məlumatlar yaymaq tövsiyə edilib. 

Qeyd edək ki, iyulun 9-da Şamaxıda “Nəsimi-650” Diaspor Gənclərinin II Yay Düşərgəsinin açılış mərasimi keçirilib. Mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin aparıcı məsləhətçisi Natiq Əliyev və başqaları iştirak ediblər. Tədbirdə Nəsimi poeziyasından şeirlər təqdim edilib, muğam, xalq və bəstəkar mahnıları ifa olunub. 

Sonrakı günlərdə Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi, Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim “Nəsimi-650 Diaspor Gənclərinin II Yay Düşərgəsi”nin iştirakçıları ilə görüşüb. Görüşün əsas mövzusu “Azərbaycanın xarici siyasətində diaspor fəaliyyəti və gənclərin rolu” olub. Diplomatlar gənclərə maraqlı məlumatlar verdikdən sonra geniş fikir mübadiləsi aparılıb. 

Düşərgə iştirakçıları Xocalı qətliamında hər iki valideynini itirən gənclərlə və Qarabağın Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüşüblər. 

İyulun 14-dək davam edəcək Yay Düşərgəsi çərçivəsində Dünya Azərbaycanlıları Gənclər Forumunun keçirilməsi nəzərdə tutulub.
Tədbirdə 50-ə yaxın ölkədən 115 nəfər tələbə, eləcə də həmin ölkələrdə müxtəlif sahələr üzrə ali təhsil alaraq çalışan gənclər iştirak edir.

 

Şahnəzər Bəşirov

Digər xəbərlər

Arxiv

date