Dünyanın aparıcı ölkələrinin mediası Ariye Qut mükafatı haqqında yazıb

Arye Qut

© APA | Arye Qut

# 30 yanvar 2023 15:35 (UTC +04:00)

Bu gün dünyanın aparıcı ölkələrinin KİV-i mərhum ekspert Arye Qutun xatirəsinə həsr olunmuş mükafatın təsis olunması barədə yazıb.

APA xəbər verir ki, Amerikanın "Amerikan Press", Britaniyanın "Morning Star", Kanadanın “Insider”, Sinqapurun “T.U.B. İnvestisiya”, Hindistanın “Sanghri Times” və digər ölkələrin mətbuatı Azərbaycan-Amerika Mədəniyyət Fondunun (USAZCF) təşəbbüsü ilə mərhum ekspert Arye Qutun xatirəsinə həsr olunmuş mükafatın təsis olunması haqqında məqalələr dərc edib.

Ümumilikdə, 300 milyona yaxın auditoriyaya malik 350-dən çox KİV bu təşəbbüslə bağlı xəbər dərc edib.

“Mükafatın qalibi hər il xüsusi elan edilən tədbirdə təqdim olunacaq və USAZCF Direktorlar Şurası tərəfindən müəyyən ediləcək. Mükafat hər il Azərbaycan və İsrail arasında əlaqələrin möhkəmlənməsinə töhfə verən şəxslərə və ya təşkilatlara daimi olaraq veriləcək”, - USAZCF-nin prezidenti Nurit Qrinqer bildirib.

Onun sözlərinə görə, ilk Arye Qut Mükafatı 2023-cü ildə Azərbaycanda, Bakıda keçirilməsi planlaşdırılan “Göz qırpımında” sənədli filminin təqdimatı zamanı seçilmiş şəxsə və ya təşkilata təqdim olunacaq.

Azərbaycan-Amerika Mədəniyyət Fondu hazırda İkinci Qarabağ müharibəsinin yaralı əsgəri Arif Hacovun hekayəsindən bəhs edən ilk sənədli filminin yaradılması prosesindədir. Bu hekayə həm də humanitar ruhdan, Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında dərin dostluq əlaqələrinin sübutudur.

2022-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, İsrail səfirliyinin və USAZCF-nin Azərbaycandakı nümayəndəsi Zaur Həsənovun dəstəyi ilə yaralı Azərbaycan əsgəri Arif Hacıyev 4 gün müddətinə İsrailə səfər edib. Prezidenti Nurit Qrinqer və “Double Trouble Worldwide Productions”-ın baş direktoru Eti El-Kiss müşayiət etdiyi səfərdə “Göz qırpımında” sənədli filmin çəkilişi aparılıb.

20 sentyabr 2022-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edən Ariye Qut İsrailin Azərbaycandakı və Azərbaycanın İsraildəki xoşməramlı səfiri kimi tanınırdı. O, Türkiyə-İsrail münasibətləri, İsrail-Azərbaycan strateji tərəfdaşlığı, Cənubi Qafqazdakı geosiyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 700-dən çox analitik məqalənin müəllifidir.

Azərbaycan-Amerika Mədəniyyət Fondu mədəniyyət, media və sənədli filmlər vasitəsilə Azərbaycan və ABŞ, ümumilikdə isə İsrail və Qərb arasında əlaqələri inkişaf etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR