Fuad Muradov Azərbaycan diasporunun qarşısında duran vəzifələri açıqlayıb

Fuad Muradov

© APA | Fuad Muradov

# 23 aprel 2022 13:12 (UTC +04:00)

“Vətən müharibəsindəki tarixi Zəfərdən sonra Azərbaycan dövləti kimi, xaricdəki Azərbaycan diasporu da yeni mərhələyə qədəm qoyub. Təbii ki, amalımız birdir, dəyişməyib və dəyişməyəcək - Azərbaycanın regionda və dünyada daha da güclü, qüdrətli dövlətə çevrilməsi və tanıdılması, yaşadıqları ölkələrdə dövlətimizin imicinin gücləndirilməsi, xalqlar arasında dostluğun gücləndirilməsi. Təbii ki, post-müharibə dövründə diaspor artıq yeni metod və yanaşmalar ortaya qoymalıdır. Bura ilk növbədə lobbi quruculuğu istiqamətində fəaliyyətin gücləndirilməsi, dost ölkə və xalqların, o cümlədən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin diaspor təşkilatları ilə əlaqələrin dərinləşdirilməsi, yeni texnologiyalardan istifadə etməklə diaspor hərəkatının gücləndirilməsi daxildir”.

APA xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Dünya Azərbaycanlılarının V Qurultayında çıxışında deyib.

Fuad Muradov qeyd edib ki, bununla yanaşı, uzun illərdir, xaricdə çalışan azərbaycanlı alimlər, həkimlər topladıqları təcrübəni ölkəmizin inkişafına sərf etməli, Vətəndəki həmkarları ilə daha çox təcrübə mübadiləsi aparmalıdır: “Qarşımızda duran problemləri aradan qaldırmaq üçün diaspor təşkilatları arasındakı koordinasiya gücləndirmək, yerli cəmiyyətlərdə inteqrasiya məsələlərinə diqqət yetirmək, ictimai-siyasi inkişafa nail olmaq, xarici KİV-lə əlaqələri intensivləşdirmək, şəxsi mənafeni milli mənafedən üstün tutmaq, mənəm-mənəmlik prinsipləri kimi hallara son qoymaq, lobbiçilik fəaliyyətini gücləndirməklə dövlət və hökumət orqanlarına təsir imkanlarını artırmaq qarşımızda həllini gözləyən əsas problemlərdəndir.

Gələcək fəaliyyət proqramımızda əsas yeri milli dövlətçiliyimizin intibah dövrü – Zəfər mərhələsində Azərbaycan diasporunu Qarabağın dirçəlişi prosesinə cəlb etmək tutur. Məqsəd dünya azərbaycanlılarının, soydaşlarımızın və həmvətənlərimizin, habelə Azərbaycana dost münasibət bəsləyən diasporların nümayəndələrinin diqqət və qayğısı Qarabağın quruculuğuna yönəlməsi, ayrı-ayrı dövlətlərdə fəaliyyət göstərən Azərbaycan diasporunun birbaşa və dolayısı ilə iştiraka sövq edilməsi, müxtəlif ölkələrdə böyük biznes imkanlarına malik azərbaycanlıların bura - Ana Vətənə sərmayə qoymasıdır. Bunun üçün müvafiq dövlət qurumları ilə birgə əməli işlərə başlanıb. Prezident İlham Əliyevin dediyi kimi, “bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır”.

2020-ci ildə “YAŞAT” Fondu ilə Komitənin birgə reallaşdırdığı həyati vacib əhəmiyyətli “Xeyriyyə Marafonu”nun davamı olaraq Qarabağ Dirçəliş Fondu ilə yeni layihənin həyata keçirilməsi nəzərdə tutulur. İnanırıq ki, Azərbaycan diasporu bu təşəbbüsə dəstək göstərməklə azad olunmuş tarixi memarlıq abidələrimizin bərpasına öz imzasını atacaq, həmin xeyriyyəçiliyi göstərən lövhə burada həkk olunacaq”.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR