Fuad Muradov Vətən müharibəsi dövründə Azərbaycan diasporunun hansı işlər gördüyünü açıqlayıb

Fuad Muradov

© APA | Fuad Muradov

# 23 aprel 2022 12:59 (UTC +04:00)

“2020-ci il 27 sentyabr -10 noyabr tarixlərində baş vermiş 44 günlük Vətən müharibəsi xalqımızın, o cümlədən Azərbaycan diasporunun tarixində əhəmiyyətli yer tutur. Azərbaycan tarixinin qızıl səhifəsi olan Böyük Zəfər ili diasporumuzun da fəaliyyətinin qızıl ili sayılmalıdır. Bu qısa zaman kəsiyi Azərbaycan diasporunun sistemli və ardıcıl fəaliyyəti ilə yadda qalıb”.

APA xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Dünya Azərbaycanlılarının V Qurultayında çıxışında deyib.

Fuad Muradovun sözlərinə görə, Vətən müharibəsi dövründə xaricdəki soydaşlarımız siyasi görüşündən, düşüncəsindən, yaşadığı ölkədən, çalışdığı yerdən asılı olmayaraq, milli birlik nümayiş etdirərək bütün imkanları ilə dövlətimizə dəstək göstərib: “Onlar orduya, yaralı əsgərlərə, şəhid ailələrinə, cəbhəboyu ərazilərdə yaralanan, evləri dağılan dinc sakinlərə, həmçinin həlak olanların ailələrinə humanitar yardımlar göndərməklə yanaşı, haqq səsimizin dünyaya çatdırılmasında da böyük mütəşəkkillik və fədakarlıq nümayiş etdiriblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 27 sentyabr tarixli xalqa müraciətindən sonra 10 noyabr tarixinədək mütəmadi olaraq dünya azərbaycanlılarına soydaşlarımıza və Azərbaycan diaspor təşkilatlarına, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporlarına Komitə tərəfindən beş dəfə müraciətlər ünvanlanıb, bu müraciətlərdə onlara Azərbaycanın ədalətli mövqeyinin dünyaya çatdırılmasında, yaşadıqları ölkələrin ictimaiyyətinin obyektiv məlumatlandırılmasında fəallıq göstərməli, hal-hazırda cəbhədə baş verənlər ilə bağlı doğru məlumatların yayılmasında yaxından iştirak etməli olduğuna dair tövsiyələr əksini tapıb, işğalçı Ermənistan ordusunun Gəncə, Tərtər, Bərdə və digər cəbhədən kənar ərazilərdə mülki vətəndaşları hədəfə alması barədə məlumat verilib, həmvətənlərimizə erməni təxribatlarına uymamaq və ayıq-sayıq olmaq tövsiyə edilib. Komitə Azərbaycan həqiqətlərini əks etdirən 55-dən çox qısa videomaterial hazırlayaraq yayımını təşkil edib.

Müharibə dövründə Komitənin koordinasiyası ilə 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı, beynəlxalq təşkilatlar və Azərbaycandakı icmalar müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, BMT, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq qurumlara 23 dildə 500-dən artıq müraciət göndərib. Avropa Parlamentinin üzvlərinə 775 bəyanat çatdırılıb, müxtəlif ölkələrin 641 nəfər parlament üzvünə isə bəyanat və müraciətlər birbaşa təqdim olunub. Təkcə “Azərbaycan Diaspor Qadınları Şəbəkəsi”nin erməni əsgər analarına müraciəti elektron poçt vasitəsilə 58 dövlət başçısına, 44 beynəlxalq təşkilata və 5 minə yaxın vəzifəli şəxsə göndərilib.

Məhz diasporumuzun iştirakı ilə 36 xarici ölkədə 198 tədbir keçirilib, onların 111-i aksiya, yürüş, avtoyürüş olub. Bu tədbirlərdə Türkiyə, İsrail, Pakistan, Ukrayna və Azərbaycanda dost digər ölkələrin diaspor nümayəndələri də iştirak edib. Həmin günlərdə Komitənin rəhbər şəxslərinin, eləcə də Azərbaycan diaspor təşkilatları üzvlərinin xarici media orqanlarına çıxışları intensivləşib, diaspor nümayəndələri xarici TV-lərdə 98 dəfə canlı yayıma qatılıb. Dünyanın 60 ölkəsindən minlərlə həmvətənimizin qatıldığı 300-dən çox videokonfrans təşkil olunub, diaspor təşkilatları və üzvləri 60 ölkədə 32 dildə 535 məqalə dərc etdirib.

27 Sentyabr – Anım Günü və 8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımız, həmvətənlərimiz, diaspor təşkilatları, Azərbaycanlıların Koordinasiya Şuraları və Azərbaycan Evləri tərəfindən müxtəlif formatda tədbirlər təşkil olunub”.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR