Gürcüstan azərbaycanlıları Ermənistanın təxribatını pisləyib

Gürcüstan azərbaycanlıları Ermənistanın təxribatını pisləyib
# 15 sentyabr 2022 15:36 (UTC +04:00)

Gürcüstanın azərbaycanlı ziyalıları dəstək məqsədilə Azərbaycanın Gürcüstandakı səfirliyinə gəliblər.

APA-nın yerli bürosu xəbər verir ki, soydaşlarımızın müraciəti əsasında səfirlik binasında baş tutan görüşdə əvvəlcə Ermənistanın təxribatları nəticəsində həlak olmuş Azərbaycan şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyin Yusubov qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlılar hər zaman Azərbaycanın, Azərbaycan Prezidentinin və xalqının yanında olub və olacaq.

“Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycanı özlərinin milli dövləti hesab edir və hər bir Gürcüstan azərbaycanlısı Azərbaycan uğrunda döyüşməyə hazırdır. Gürcüstanda yaşayan azərbaycanlılar Qarabağ zəfərindən, Azərbaycan ordusunun uğurlarından qürur duyur. Borçalı azərbaycanlıları olaraq təklif edərdik ki, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası zamanı inqilaba qədər olan xəritələrdən istifadə olunsun. Çünki bizim Lori bölgəmiz 1917-ci ildən bəri Ermənistanın işğalı altındadır. Abxaziya və Osetiya ilə yanaşı Lori də işğal altındadır. Gürcüstan dövləti heç vaxt Azərbaycana qarşı cəbhədə yer almayacaq, çünki Azərbaycan heç vaxt Gürcüstanı qaranlıqda qoymayıb. Biz Azərbaycanın böyük qələbəsinə inanırıq və bütün hallarda Azərbaycanın yanındayıq, Azərbaycan əsgəri olmağa hazırıq”, - deyə Hüseyin Yusubov bildirib.

Çıxış edən səfir Faiq Quliyev görüş təklifinə görə və göstərilən dəstəyə görə Gürcüstanda yaşayan azərbaycanlılara təşəkkür edib. Əlavə edib ki, Azərbaycan hər zaman, xüsusilə də İkinci Qarabağ müharibəsi zamanı Gürcüstanın, eləcə də soydaşların dəstəyini hiss edib. Faiq Quliyev vurğulayıb ki, Azərbaycanın heç bir qonşu ölkənin torpağında gözü yoxdur.

Səfir İkinci Qarabağ müharibəsi zamanı Ermənistana hərbi yüklərin daşınmasının qarşısının alınması məqsədilə Gürcüstanın öz hava məkanını bağlamasının dostluq və qardaşlıq nümunəsi olduğunu qeyd edib.

Görüşdə Ermənistan dövlətinə sülh çağırışı edilib və sülhün bərqərar olunacağı təqdirdə yaranacaq iqtisadi şəraitdən, rifahdan yararlanmağa çağırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR