Komitə sədri: “Erməni diasporunun ölkəmiz əleyhinə kampaniyalarının qarşısının alınması üçün zəruri tədbirlər görülüb”

Fuad Muradov

© APA | Fuad Muradov

# 23 aprel 2022 12:51 (UTC +04:00)

“Dünya Azərbaycanlılarının IV Qurultayından ötən dövr ərzində fəaliyyətimizin ana xəttini həmin qurultayda Prezident İlham Əliyevin proqram xarakterli çıxışı, tövsiyə və tapşırıqları təşkil edib. Həmin meyarlar diqqətdə saxlanılmaqla, Azərbaycan diaspor təşkilatlarının tələb və təklifləri də nəzərə alınmaqla Strateji Yol Xəritəsi hazırlanıb”.

APA xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Dünya Azərbaycanlılarının V Qurultayında çıxışında deyib.

Fuad Muradov bildirib ki, diaspor potensialının artırılması, təşkilatların bir nöqtəyə vurması üçün əlaqələr intensivləşdirilib və gücləndirilib: “Komitə bu başlıca prinsiplərin reallaşması üçün maksimum əmək sərf edib. Xaricdə yaşayan azərbaycanlılarla, Azərbaycan icma və diaspor təşkilatları ilə koordinasiyanın optimallaşdırlması, diasporla diplomatik korpusun əməkdaşlığının sağlamlaşdırılması üçün konkret addımlar atılıb. Səfirlik və konsulluqlarla birgə fəaliyyətə diqqət yetirilib.

Komitə dünya azərbaycanlılarının fəaliyyətinin azərbaycançılıq ideologiyası ətrafında əlaqələndirilməsi və koordinasiya edilməsi, diaspor hərəkatının gücləndirilməsi, milli-mədəni irsin təbliği, Ermənistanın 30 il ərzində işğal altında saxladığı ərazilərimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və digər istiqamətlərdə ardıcıl fəaliyyət göstərib. Azərbaycan həqiqətlərinin təbliği, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizə qarşı erməni diasporu və lobbisi tərəfindən həyata keçirilən kampaniyaların qarşısının alınması ilə əlaqədar xarici ölkələrdə Azərbaycan diaspor təşkilatları tərəfindən zəruri tədbirlər görülüb.

Bu müddətdə başlıca məqsəd Azərbaycan diasporunun konsolidasiyasının təşkil edilməsi, həmrəy olması və müştərək hərəkət etməsi olub. Məhz vahid ideya və milli maraqlar uğrunda dövlət-diaspor əməkdaşlığının inkişafı, qüvvələrin ümumi məqsəd naminə birləşməsi, xüsusən böhranlı vəziyyətlərdə vahid ideya və məqsəd naminə bir araya gəlməsi üçün əmək sərf edilib. Ötən dövr ərzində Komitənin qarşısında qoyulan vəzifə və funksiyalara uyğun olaraq müxtəlif ölkələrdə fəaliyyətdə olan diaspor təşkilatları tərəfindən mühüm əhəmiyyətli tədbirlər həyata keçirilib. Bu tədbirlər həm Komitənin təşkilatçılığı və dəstəyi ilə, həm də yerli diaspor qurumlarının öz vəsaitləri hesabına təşkil olunub. Bütün hallarda tədbirlərin geniş əhatəli və yüksək səviyyədə keçirilməsinə, xaricdəki soydaşlarımızın təşkilatlanmasına və gənclərin diaspor fəaliyyətinə cəlb olunmasına xüsusi diqqət yetirilib”.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR