Moskvada Kərim Kərimovun 105 illik yubileyi qeyd olunub - FOTO

Moskvada Kərim Kərimovun 105 illik yubileyi qeyd olunub - FOTO
# 16 noyabr 2022 12:42 (UTC +04:00)

Rusiya paytaxtında idarəolunan kosmik gəmilərin uçuş sınaqları üzrə SSRİ Dövlət Komissiyasının sədri, sovet kosmik proqramının yaradıcılarından biri azərbaycanlı general-leytenant Kərim Kərimovun 105 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, həmyerlimizin adını daşıyan 1583 saylı məktəb və Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti tərəfindən təşkil olunan tədbirdə “Roskosmos”, Yuri Qaqarin adına Kosmonavtların Hazırlığı Mərkəzinin, Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri, Kərim Kərimovun ailə üzvləri və Azərbaycan diasporunun fəalları iştirak ediblər.

Tədbirdə çıxış edən məktəbin direktoru Svetlana Dvoryantseva 19 ilə yaxındır ki, təhsil ocağının bu görkəmli şəxsiyyətin adını daşıdığını xatırladıb: ”Kosmosa ilk uçuşu Yuri Qaqarin edib. Lakin o vaxt bütün kosmonavtları orbitə göndərən şəxsin adı məxfi saxlanılırdı. Yalnız 1987-ci ildə Kərim Kərimovun adı geniş ictimaiyyətə məlum oldu. Əbəs yerə deyilmir ki, insan xatırlandıqca yaşayır. Təhsil müəssisəmizdə Kərim Kərimovun yaradıcılığına hörmətlə yanaşılır və onun xatirəsi hər zaman yad edilir”.

S.Dvoryantseva məktəbdə aerokosmik oriyentasiyalı kadet sinfinin açıldığını da söyləyib.

Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Zaur Paşayev səfir Polad Bülbüloğlunun adından təbrik məktubunu oxuyub. Məktubda Kərim Kərimovun tərcümeyi-halından bəzi məqamlar qeyd edilib, onun SSRİ-də və xüsusən də tarixi vətənində fəaliyyəti yüksək qiymətləndirilib.

Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov çıxışında belə bir mühüm yubiley tədbirində iştirak etdiklərinə görə bütün qonaqlara təşəkkür edib. O, bütün azərbaycanlıların Kərim Kərimov kimi əfsanəvi şəxsiyyət ilə xüsusi qürur hissi keçirdiyini söyləyib: “Daha böyük qürur hissi və mənəvi məsuliyyət isə həmyerlimizin adını daşıyan bu xüsusi məktəbə müntəzəm dəstək olmaqdır”.

Diaspor rəhbəri çıxışının sonunda Moskva hökumətinin naziri, Milli siyasət və regionlararası əlaqələr şöbəsinin müdiri Vitali Suçkovun adından Moskva hökumətinin göndərdiyi təşəkkür məktubunu oxuyub və məktəbin direktoruna təqdim edib. Məktubda Moskvada gənclərin millətlərarası tərbiyə mədəniyyətinin inkişaf etdirilməsi sahəsində məktəbin işinə yüksək qiymət verildiyi qeyd olunub.

General-leytenant Kərim-Kərimovun qardaşı qızı, tarix elmləri namizədi, Rusiya Elmlər Akademiyasının Etnoqrafiya və Antropologiya İnstitutunun Avropa və Amerika Tədqiqatları Mərkəzinin baş elmi işçisi Məryəm Kərimova məktəb muzeyinə “Xalqlar və mədəniyyətlər” seriyasından “Azərbaycanlılar” kitabını hədiyyə edib.
Tədbirdə K.Kərimov haqqında sənədli filmlərdən parçalar, məktəb şagirdlərinin ifasında mahnı və rəqslər təqdim olunub.

Tədbirin təntənəli hissəsindən sonra qonaqlar məktəbdə Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin dəstəyi ilə yenidən təmir olunmuş Kərim Kərimovun adına guşənin olduğu “Birlik” Muzeyinə baş çəkiblər, həmyerlimizin 30 ilə yaxın müddətdə toplanmış zəngin eksponat kolleksiyası ilə tanış olublar.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR