Moskvada Qarabağ atlarına həsr olunan sərginin açılışı olub

Moskvada Qarabağ atlarına həsr olunan sərginin açılışı olub
# 20 aprel 2019 13:32 (UTC +04:00)

Rusiya paytaxtında Qarabağ atlarına, onların məşhurlaşmasına və nadir cinslərinin qorunmasına həsr olunan sərgi keçirilib.

ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın "Vegas-Kuntsevo" Ticarət Mərkəzində keçirilən "Günəş və İşıq atları. Qarabağ cinsi atlarının dirçəlişi" adlı sərginin müəllifi Latviyadan olan rəssam Datse Ştrausdur.

Sərgidə rəssamın Qarabağın nadir at cinslərinin təsvirləri əks olunmuş əsərləri nümayiş olunub. Sərgi ekspozisiyası 40 rəsm əsərindən ibarətdir. Hər bir rəsm əsərində Qarabağ atları öz cəlbediciliyi və möhtəşəmliyi ilə nəzərə çarpır.

D.Ştraus iki ilə yaxındır ki, Bakıda yaşayır. O, ilk dəfə 2018-ci ildə Qarabağ atlarına həsr olunan rəsm əsərlərini Azərbaycan paytaxtında nümayiş etdirib. Bu sərgi ona böyük uğur gətirib. Hal-hazırda latviyalı rəssam öz əsərlərini müxtəlif ölkələrdə nümayiş etdirir.

Qeyd edək ki, Qarabağ atlarına həsr olunan sərgi üç mərhələdə keçiriləcək. Sərginin ikinci mərhələsində xeyriyyə auksionu təşkil olunacaq. Auksionda iştirak etmək istəyənlər bu nadir at cinslərinin xilas olunmasına öz töhfəsini verə biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR