Moskvada “Azərbaycan” pavilyonu bərpa olunur - REPORTAJ

Moskvada “Azərbaycan” pavilyonu bərpa olunur - REPORTAJ
# 03 iyul 2019 15:03 (UTC +04:00)

Moskvada məşhur “Azərbaycan” pavilyonu bərpa olunur. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi kompleksində yerləşən 80 illik tarixə malik pavilyonun təmir-bərpa işləri Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, pavilyonda təmir-bərpa işləri artıq başa çatmaq üzrədir.

Əvvəllər SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi, 1992-2014-cü illərdə isə Ümumrusiya Sərgi Mərkəzi adlandırılan bu məkan Moskva şəhərinin ikinci böyük sərgi kompleksidir. Dünyanın 50 ən böyük sərgi kompleksi siyahısına daxil edilən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin ərazisi sovet dövründə yaradılan memarlıq abidələri ilə zəngindir. 2014-cü ildə “Botanika bağı” və “Ostankino” parkı ilə birləşdirildikdən sonra onun ümumi ərazisi 325 hektardan çox, pavilyonların sahəsi isə 134 min kv. metr təşkil edir.

80 illik tarixə malik “Azərbaycan” pavilyonu

Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin incilərindən olan “Azərbaycan” pavilyonu 1939-cu ildə inşa edilib. Layihənin müəllifləri - memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovdur. Sovet İttifaqının süqutundan sonra baxımsız vəziyyətdə qalan pavilyon 2016-cı ildə rəsmi olaraq Azərbaycana təhvil verilib və burada təmir-bərpa işlərinə başlanılıb. Bərpa işləri Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilir.

Azərbaycan pavilyonun bərpa layihəsinin rəhbəri Nikolay Kurilo APA-nın Moskva müxbirinə açıqlamasında pavilyonda görülən işlərin binanın eksteryer və interyerini əhatə etdiyini bildirib: “Hazırda interyerin bərpası işləri gedir. Burada orijinal rənglər saxlanılmaqla, naxışlar, şəbəkə pəncərələr dəqiqliklə yenidən qurulur, pavilyonun zalları yenilənir. Bundan başqa döşəmələrin bir qismi yenilənəcək. Mərmər mozaika döşəmə olacaq. Mərmər sütunlar tam bərpa olunub. Bir sözlə, Azərbaycan pavilyonu yaranan zaman tarixi görünüşü necə idisə, həmin görünüş tam bərpa olunur. İnteryerin bir hissəsi 1939-cu ildəki, digər hissəsi isə 1959-cu ildəki görüntünü əks etdirəcək”.

Yenilənmiş pavilyonun konsepsiyasının əsas ideyası Azərbaycanın zəngin tarixə malik qədim, eyni zamanda sürətlə inkişaf edən bir dövlət olduğunu nümayiş etdirmək üzərində qurulub.

N. Kurilonun sözlərinə görə, pavilyonun içərisində zəngin Azərbaycan ornamentləri olan tağ olub: “Pavilyon baxımsız vəziyyətdə qaldığından demək olar, bu tağın görüntüsü tam məhv olmuşdu. Onun üzərini suvaqla örtmüşdülər. Ən böyük əmək sərf edilən işlərdən də biri məhz bu idi. Biz bu tağı həssaslıqla və yenidən bərpa etdik. Tağın üzərindəki hər bir detalın üzərində 6 ay işlənilib və onun 1939-cu ildəki tarixi görünüşü tam qaytarılıb”.

Qədim tarixə malik və sürətli inkişaf edən Azərbaycanı təbliğ edəcək məkan

Pavilyon Azərbaycan milli motivləri ilə də zəngindir. Fasad Azərbaycan naxışları, qızılı rəngdə üzüm ornamentləri ilə, pavilyonun pəncərələri isə vitraj-şəbəkə ilə bəzədilib. Pavilyonun ekspozisiyası Azərbaycan SSR-in sənaye, xüsusilə neft hasilatı, heyvandarlıq, ipəkçilik, bitkiçilik, kənd təsərrüfatı, mədəniyyət, sənət və məişət sahələrində nailiyyətlərini əhatə edir.

Pavilyonda yaradılacaq “Azərbaycan inciləri” sərgi zonasında qonaqlar Azərbaycanın xalçaçılıq ənənələri, zəngin musiqi tarixi ilə tanış ola biləcəklər. Burada eyni zamanda, arxeoloji qazıntılar zamanı aşkar olnmuş və Azərbaycanın qədim tarixini əks etdirən eksponatlar, milli geyimlər, xalq sənəti nümunələri nümayiş olunacaq.

Pavilyonda ümummilli lider Heydər Əliyev və Azərbaycanın tanınmış ziyalıları barədə müxtəlif materiallar, foto və videolarla tanışlıq da mümkün olacaq. Mühazirə və konfranslar, musiqi proqramları üçün müxtəlif zalların yaradılması, turizm zonasında Azərbaycanın turizm marşrutları barədə məlumatların təqdimatı nəzərdə tutulur.

“Ticarət evi” zonasında isə Azərbaycan istehsalı olan məhsullar təqdim ediləcək, buradan milli suvenirləri əldə etmək mümkün olacaq. Pavilyonda Azərbaycanın tarixi və müasir həyatına, müxtəlif sahələrə dair kitablar da nümayiş olunacaq. Burada əyləncə zonalarının yaradılması da nəzərdə tutulur.

Təmir bərpa işləri başa çatdıqdan sonra Azərbaycan pavilyonunun təntənəli açılış mərasimi keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR