Müstəqillik Günü Litvada qeyd edilib - FOTO

Müstəqillik Günü Litvada qeyd edilib - FOTO
# 27 may 2022 15:22 (UTC +04:00)

28 May - Müstəqillik Günü Litvada böyük coşqu ilə qeyd edilib.

APA Azərbaycanın Litvadakı səfirliyinə istinadən xəbər verir ki, Vilnüsün ən əzəmətli və məşhur məkanlarından olan Pirkliu Klubasın tarixi binasında keçirilən tədbirdə Litva Seyminin üzvləri, Hökumətin yüksək səviyyəli nümayəndələri, xarici ölkələrin Litvada akkreditə olunmuş səfirləri və diplomatları, Litva ali təhsil ocaqlarının rəhbərləri, nüfuzlu iş adamları, tanınmış jurnalistlər və sənət adamlarından ibarət seçkin qonaqlar iştirak ediblər.

Ayrıca, Litva Respublikası müstəqillik qazandığı vaxt ilk dövlət başçısı olmuş, Litva siyasətinin patriarxı professor Vitautas Landsbergisin (hal-hazırki, Koalisiya hökumətinin qurucusu Vətən İttifaqı-Xristian demokratlar partiyasının fəxri sədri) və Vilnüsdə şəxsi səfərdə olan Polşa Senatının vitse-marşalı (sədr müavini) Mixal Kaminski iştirak edib.

Qonaqlar milli geyimlərdə olan gənclərimizin müşayiəti ilə qırmızı xalça üzərində Səfir və əməkdaşlar tərəfindən qarşılanıb.

Tədbir Litva ictimai televiziyası LRT-nin The Voice yarışmasının finalçıları Erikas və Eglenin ifasında Azərbaycan və Litva dövlət himnləri ilə açılıb, Səfir Tamerlan Qarayevin çıxışı ilə davam edib. Bu zaman salondakı böyük ekranda Azərbaycanın inkişafına dair video kadrlar göstərilmiş, Litva Prezidentinin cari ilin 18 may tarixində Azərbaycana səfəri zamanı çəkilmiş kadrlar nümayiş etdirilib.

Səfir Tamerlan Qarayev öz çıxışında 28 May – Müstəqillik Gününün mahiyyəti, Azərbaycan Cümhuriyyətinin fəaliyyəti, xalqımızın şanlı tarixi barədə, Azərbaycan-Litva münasibətlərinin tarixi və müasir dövrdə əməkdaşlığı, Azərbaycanın son zamanlar əldə etdiyi nailiyyətlər və uğurlarına dair, ölkəmizdə, ələlxüsus azad olunmuş torpaqlarımızda geniş vüsətlə həyata keçirilən bərpa quruculuq işlərindən, nəhəng layihələrdən bəhs etmiş, tədbir iştirakçılarını məlumatlandırıb.

Tədbir müğənnilərin ifasında “Azərbaycan”, “Sarı gəlin”, “Sevgili canan” mahnıları ilə canlı olaraq müşayiət olunmuşdur. Milli geyimlərdə olan gənclərimiz tədbirə xüsusi rəng qatıblar.

Ziyafət ilə sonuclanan tədbirdə xalqımızın milli yeməkləri, şirniyyat və içəcəkləri təqdim olunmuş, bayram əhval ruhiyyəsi hökm sürüb.

Vilnüsdən başqa, Klaypeda və Kaunas şəhərlərində də 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçiriləcəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR