Rusiyada Fərman Salmanov adına laboratoriyanın açılışı olub - FOTO

Rusiyada Fərman Salmanov adına laboratoriyanın açılışı olub  - FOTO
# 14 mart 2022 04:31 (UTC +04:00)

Rusiyanın Arxangelsk vilayətinin M.V. Lomonosov adına Şimali Arktika Federal Universitetində məşhur azərbaycanlı geoloq, görkəmli elm xadimi, geologiya və mineralogiya elmləri doktoru, Sosialist Əməyi Qəhrəmanı Fərman Salamov adına elmi laboratoriyanın açılışı olub.

APA-nın Rusiya bürosunun məlumatına görə, açılış mərasimində Universitetin rektoru Yelena Kudryaşova, Arxangelsk vilayətinin hökumət sədrinin müavini, iqtisadi inkişaf naziri Viktor İkonnikov, vilayət dumasının deputatları və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Tədbirdə bildirilib ki, Fərman Salmanov adına müasir avadanlıqlarla təchiz olunan laboratoriyanın ərsəyə gəlməsində Simali Arktika Federal Universitetinin rektoru Yelena Kudryaşevanın və “Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatının rəhbəri Tərlan Qasımovun xidmətləri olub.

Açılış mərasimində çıxış edən rektor Yelena Kudryaşeva rəhbərlik etdiyi ali məktəbdə görkəmli geoloq, Qərbi Sibirdə neft və qaz yataqlarının kəşf edən azərbaycanlı Fərman Salmanovun adına laboratoryanın açılmasını önəmli hadisə adlandırıb: “Bu bizim Azərbaycanla əməkdaşlığımızın dərin olduğunun göstəricisidir. Fərman Salmanov kimi geoloqun gördüyü işin, onun təcrübəsinin bizim ali məktəbin gələcəyin geoloqu, nefçisi olacaq məzunlarına öyrədilməsi çox mühümdür. Bizim Azərbaycanın Neft və Sənaye Universiteti ilə əməkdaşlığımız var. Azərbaycandan tələbələr bizim universitetə təcrübə keçmməyə gəlirlər. Eyni ilə bizim ali məktəbdən də Azərbaycana təcrübə keçməyə və pedaqoqlarımız isə təcrübələrini bölüşməyə gedirlər. Ona görə də, bu günki hadisə çox əlamətdardır. Arxangelskdəki Azərbaycan diasporunun Fərman Salmanov adına laboratoriyanın bizim ali məktəbdə açmaq təşəbbüsünü biz yüksək qiymətləndiririk”.

Arxangelsk vilayətinin qubernatorunun və hökumət sədrinin müavini Viktor İkonnikov isə çıxışında Rusiya-Azərbaycan ikitərəfli münaisbətlərindən danışıb. O bildirib ki, Arxangelsk vilayətinin regionlararası əməkdaşlıq çərçivəsində Azərbaycanla inkişaf edən əlaqələri var: "Bizim vilayətin Azərbaycanla ticarət-iqtisadi, humanitar sahədə əlaqələri ilbəil inkişaf edir. Arxangelsk vilayəti ilə Azərbaycan Respublikasının ticarət dövriyyəsinin həcmi 10 milyon dollarlarla ölçülür. Biz bu əlaqələri bundan sonra da inkişaf etdirmək niyyətindəyik. O ki, qaldı bu günki hadisəyə, Fərman Salmanov adına laboratoriyanın açılışına, deyə bilərəm ki, bu, unikal bir elm mərkəzidir. Neft-qaz sahəsinin rəqəmsal modullaşdırılması bu gün həm Rusiya, həm də Azərbaycan üçün önəmli sferadır. Bu laboratoriyada tələbələrimizin mühüm biliklərə yiyələnəcəyinə əminəm”.

Fərman Salmanov adına Laboratoriyanın Şimali Artktika Federal Universitetində yaradılmasının təşəbbüskarı, Arxangelskdəki Azərbaycan diasporunun rəhbəri Tərlan Qasımov çıxışında diasporun yarandığı gündən federal universitetlə sıx əməkdaşlıq etdiyini söyləyib: “Biz bir çox birgə layihələrə imza atmışıq. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, eləcə də Milli Elmlər Akademiyası ilə əməkdaşlıq haqqında memorandum imzalanıb. İndi isə daha bir əməkdaşlıq addımı atılır. Fərman Salmanov adına elmi laboratoriya açılır. O ki, qaldı Arxangelsk vilayətinin Azərbaycan Respublikası ilə əlaqələrinə, deyərdim ki, bu əlaqələrin kökü 1973-cü ilə, ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövrünə gedib çıxır. O zaman Arxangelsk vilayətində ərzaq çatışmazlığı hökm sürərkən Azərbaycan köməyə yetişmişdir. Bu gün də Arxangelsklə Azərbaycanın əməkdaşlığı inkişaf edir. Ticarət dövriyyəsindəki rəqəmlə olduqca ürəkaçandır. Biz də diaspor olaraq bu əlaqələrin inkişafına öz töhvəmizi vermək əzmindəyik”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun F. Salmanov adına laboratoriyanın açılışı münasibəti ilə təbrik məktubu oxunub.

Daha sonra laboratoriyanın rəsmi açılışı olub. Açılışdan sonra videokonfrans vasitəsi ilə Azərbaycanın diasporla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Ruslan Quliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və S. Orconokidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin prorektorları, eləcə də neft və qaz sahəsində çalışan alim və mütəxəssilər çıxış ediblər.

Qeyd edək ki, ötən ilin oktyabr ayında S. Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetində Fərman Salmanovun 90 illik yubileyi münasibətilə onun adına auditoriyanın və büstün açılışı olub.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR