Səfir: Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycanın tarixi qələbəsinə töhfəsi şəksizdir

Səfir: Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycanın tarixi qələbəsinə töhfəsi şəksizdir
# 12 noyabr 2022 08:46 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisidə Zəfər Gününə həsr edilmiş konsert keçirilib. APA-nın yerli bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay, eləcə də Gürcüstanın dövlət və hökumət qurumlarının, Gürcüstan parlamentinin üzvləri, hərbi attaşelər, Gürcüstan əsilli Qarabağ şəhidlərinin ailə üzvləri və yaxınları, azərbaycanlı və gürcü ictimai-siyasi xadimlər, incəsənət xadimləri və ziyalılar iştirak ediblər.

Açılış niqti ilə çıxış edən səfir Faiq Quliyev qeyd edib ki, Ermənistan rəhbərliyi 30 il boyunca münaqişənin sülh yolu ilə həllindən boyun qaçırıb, əksinə Azərbaycanı yeni ərazilər uğrunda yeni müharibələr doktrinası ilə hədələməyə başlayıb, danışıqlar prosessini darmadağın edən absurd bəyanatlar verib. Diplomat bildirib ki, Ermənistanın məsuliyyətsiz davranışlarının son nöqtəsi olaraq 2022-ci il 27 sentyabr tarixində ermənilər cəbhə xəttinin müxtəlif istiqamətlərində xülya etdiklər yeni müharibəyə başladılar:

“Şübhəsiz ki, Ermənistanın növbəti təcavüz cəhdi Azərbaycanın dəmir yumruğu ilə qarşılanmış, şücaətli nizami ordumuz 44 gün ərzində hərb meydanında düşmənin belini qıraraq məhv etmiş, işğalçı hakimiyyəti kapitulyasiya aktı imzalamağa məcbur etmişdir. Beləliklə, Azərbaycan özünün beynəlxalq səviyyədə tanınmış sərhədlərində nəzarəti bərpa etmiş, 1 milyona yaxın azərbaycanlının fundamental hüququ bərpa edilmiş və 30 ilə yaxın bölgəyə ən ciddi təhdidləri yaradan münaqişəyə hərbi-siyasi yolla son qoyulmuşdur”.

Səfir əlavə edib ki, 2-ci Qarabağ müharibəsində 50 milyonluq dünya azərbaycanlıları Vətən torpaqlarının azad edilməsi naminə dəmir yumruq kimi birləşərək ön və arxa cəbhədə mükəmməl birlik nümayiş etdirdi.

“Mən xüsusi olaraq Gürcüstanda yaşayan yüz minlərlə soydaşımızın dəstəyini vurğulamaq istərdim. Sizlərin Azərbaycanın tarixi qələbəsinə önəmli töhfəniz şəksizdir. Vətən müharibəsinin ilk anlarından etibarən Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycana göstərdiyi doğma bağlılığı xalqımız tərəfindən əziz tutulmuşdur. Vətən müharibəsi dönəmində Gürcüstanda yaşayan yüz minlərlə soydaşımız tərəfindən səfirliyə könüllü yardım təşəbbüsləri və misilsiz həmrəylik təzahüləri davamlı şəkildə daxil olmaqda idi və bu, bütün 44 günlük Vətən müharibəsi dövründə davam etmişdir”, - deyə səfir qeyd edib.

Daha sonra çıxış edən Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay Zəfər Günü və Dövlət Bayrağı günü münasibəti ilə Azərbaycanı təbrik edib. Səfir vurğulayıb ki, Türkiyə hər zaman Azərbaycanın haqlı mübarizəsində yanında olduğu kimi, Qarabağın yenidənqurma və inkişafında da dəstəyini davam etdirəcək.

“Bu təbiidir, bu “bir millət, iki dövlət” anlayışının tələbidir. Azərbaycan da ən çətin günündə Türkiyədən qardaş köməyini əsirgəməmişdir. Çanaqqalada, Geliboluda çiyin-çiyinə savaşdıq. Biz də bunu yadımızdan çıxarmırıq. Füzuli Beynəlxalq Hava Limanında olduğu kimi, 20 oktyabrda Zəngilan Beynəlxalq Hava Limanının hörmətli prezidentlərimiz tərəfindən açılışı həmrəyliyimizin Qarabağın yenidənqurmasında da davam etdiyini göstərir. Azərbaycan savaşı qazanıb, Azərbaycan sülhü də qazanacaq”, - deyə Türkiyə səfiri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR