Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsinin açılışı olub - FOTO

Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsinin açılışı olub - FOTO
# 02 avqust 2022 16:07 (UTC +04:00)

Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə "Şuşa İli" çərçivəsində Şuşada “Diaspor Gənclərinin III Yay Düşərgəsi”nə start verilib.

APA xəbər verir ki, düşərgənin təntənəli açılış mərasimi keçirilib.

50 ölkəni təmsil edən 115 gəncin iştirak etdiyi Diaspor Gənclərinin III Yay Düşərgəsini açıq elan edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov mərasimi Azərbaycan diaspor tarixinin əlamətdar hadisələrindən biri adlandırıb və bu münasibətlə düşərgə iştirakçılarını təbrik edib. O, Vətən müharibəsindəki tarixi Zəfərin Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan Ordusunun rəşadəti sayəsində mümkün olduğunu vurğulayıb.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov qonaqları salamlayaraq “Şuşa ili”ndə xaricdə yaşayan gənclərimizin və Azərbaycana dost ölkələrin nümayəndələrinin qədim şəhərdə bir araya gəlməsini müsbət hadisə kimi qiymətləndirib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Nigar Hacıyeva diaspor gənclərini Şuşada görməkdən məmnunluğunu bildirib və düşərgənin işinə uğurlar arzulayıb.

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov qeyd edib ki, ölkəmiz gənc nəslə güclü investisiya edir: “Dövlətimiz gənclərin yüksək inkişaf tempi olan ölkədir”.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Vətən müharibəsindəki qələbənin məhz Ali Baş Komandanın ətrafında sıx birləşən gənclərin sayəsində mümkün olduğunu söyləyib.

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin direktoru Məhəmməd Abdullayev Diaspor Gənclərinin Yay düşərgələrinin artıq ənənə halı almasının və diaspor hərəkatı tarixində ilk dəfə olaraq Qarabağ torpağında keçirilməsinin əhəmiyyətindən söz açıb.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Ayaz Əliyev hər bir ölkənin iqtisadi inkişafının hərəkətverici qüvvəsini gənclərin təşkil etdiyini bildirib və diaspor gənclərini Azərbaycanın iqtisadi inkişafı naminə fəallığa səsləyib.

Tədbir bədii hissə ilə davam edib.

Xatırladaq ki, Diaspor Gənclərinin III Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı ilə keçirilir.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 5 yanvar 2022-ci il tarixli Sərəncamı çərçivəsində həyata keçirilən layihə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri vahid platforma ətrafında bir araya gətirmək və Azərbaycanla daha yaxından tanış etmək məqsədinə xidmət edir.

Yay düşərgəsi avqustun 8-nə kimi davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR