Şuşada Zəfər Qurultayının bağlanış mərasimi keçirilib, Prezidentə müraciət qəbul olunub - FOTO

Şuşada Zəfər Qurultayının bağlanış mərasimi keçirilib, Prezidentə müraciət qəbul olunub  - FOTO
# 23 aprel 2022 13:09 (UTC +04:00)

Bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimi keçirilib.

APA-nın xəbərinə görə, öncə Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə təltif edilən diaspora nümayəndələrinə “Əməkdar elm xadimi” fəxri adı, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, “Dostluq” ordeni və “Tərəqqi” medalı təqdim olunub.

Mərasimdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib ki, V Qurultay dünya azərbaycanlıların fəaliyyəti üçün mühüm rol oynayacaq. Onun sözlərinə görə, artıq müharibə başa çatıb, torpaqlarımız işğaldan azad olunub, indi qarşımızda Qarabağın bərpa olunması hədəfi durur. Postmüharibə dövründə Şuşada görülmüş işlərlə bağlı danışan A.Kərimov qeyd edib ki, şəhərdə bütün işlər baş plana uyğun həyata keçirilir. Zəfər yolunun fəaliyyət göstərdiyini xatırladan A. Kərimov vurğulayıb ki artıq daha sürətli magistralın tikintisi də sürətlə davam etdirilir. O bildirib ki, Şuşanın turizm potensialından istifadə olunması üçün yeni layihələr həyata keçiriləcək. Şuşanın əsas inkişaf profilinin turizmlə bağlı olacağını nəzərə çatdıran A. Kərimov qeyd edib ki, yaşadıqları ölkələrdə müxtəlif peşə sahibləri olan diaspor nümayəndələrini öz fəaliyyət sahəsi üzrə beynəlxalq simpozium və tədbirlərin Şuşada keçirilməsini təşkil etmək işində aktiv olmağa çağırıb.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov Prezident İlham Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız da Azərbaycan yoxdur” sözlərini xatırladıb. İşğal dövründə Ermənistanın tarixi-mədəni abidələrə qarşı yol verdiyi vandallıqdan söz açan M. Abbasov Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Azad Şuşada tarixi-mədəni abidələrin bərpa olunduğunu bildirib: “Şuşada 7 yaşayış massivinin, məscid və digər obyektlərinin tikintisi davam edir. Düzdür, hazırda Şuşada tikinti davam etdiyi üçün bir qədər sıxlıq yarandı. Ancaq Dövlət Komitəsindən xahiş edəcəm ki, VI Qurultay da məhz Şuşada keçirilsin. Söz verirəm ki, növbəti Qurultayda yerləşmə və digər məsələlərdə hər hansı bir çətinlik olmayacaq”.

Bağlanış mərasimində Zəfər Qurultayının iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti qəbul olunub.

Bağlanış mərasimində həmçinin Zəfər Qurultayının iştirakçılarının Dünya Azərbaycanlılarına, UNESCO-ya və BMT-nin Ətraf Mühit Proqramına (UNEP) və Ermənistanın işğalı nəticəsində Azərbaycanda yaranmış mina problemi ilə bağlı beynəlxalq ictimaiyyətinə müraciətləri, Qurultayın qətnaməsi qəbul edilib.
Bağlanış mərasimində çıxış edən Dövlət komitəsinin sədri Fuad Muradov qeyd edib ki, dünən Prezident İlham Əliyev çıxışında diaspor nümayəndələrinin fəaliyyətini yüksək qiymətləndirib: “Bu gün Prezident mənə tapşırdı ki, onun bir neçə tövsiyələrini çatdırım. Prezidentinin tapşırığı ilə bu il gənclərin yay düşərgəsi Şuşada keçiriləcək. Dövlət başçısı tapşırıq verdi ki, strateji yol xəritəmizdə bazar məktəbləri, Azərbaycan dilinin öyrənilməsi ilə bağlı xaricdə diasporumuza dəstək olaq”.
F. Muradov bütün çətinliklərə baxmayaraq, Şuşada tədbirin keçirilməsinin mühüm hadisə olduğunu vurğulayıb: “Bu gün Qurultayda qəbul olunan sənədlər çox mühüm sənədlərdir və bunlar Dünya Azərbaycanlılarının mövqeyidir. ”.
Eyni zamanda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibi müəyyənləşib.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR