Tokioda Xocalı soyqırımı qurbanları anılıb

Tokioda Xocalı soyqırımı qurbanları anılıb
# 26 fevral 2022 16:05 (UTC +04:00)

Yaponiya-Azərbaycan Dostluq Mərkəzi tərəfindən paytaxt Tokioda Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım mərasimi təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü ilə “Tokyo Camii ve Diyanet Türk Kültür Mərkəzi”ndə təşkil edilən mərasimdə bu ölkədə yaşayan soydaşlarımız, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə, Türkiyənin Yaponiyadakı səfiri Korkut Güngen, digər müsəlman ölkələrinin səfirliklərinin nümayəndələri, müsəlman icmasının üzvləri iştirak ediblər.

Mərasimdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlıları tərəfindən törədilən Xocalı faciəsinin qurbanlarının əziz xatirəsi yad edilib. Türkiyə səfirliyinin müşaviri Məhəmməd Rəşid Alas bildirib ki, Vətən müharibəsi zamanı Azərbaycan döyüş meydanında böyük zəfər qazanmaqla şəhidlərin və Xocalı faciəsinin qurbanlarının qanlarının yerdə qalmadığını sübut edib. Sonra şəhidlərimizin ruhuna “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib və Cümə namazı qılınıb.

“Bu gün Xocalı qətliamında şəhid olan azərbaycanlı qardaşlarımızı andıq. Dualarımız onlarladır. Tokiodakı məsciddə Azərbaycan səfiri və səfirliyin nümayəndələri ilə birlikdə bu mərasimə qatıldıq. Dünyanın bu qətliamı unutmaması, xatırlaması və şəhidlərimizi anmağa davam etməsi çox önəmlidir”, - deyə mərasimdən sonra jurnalistlərə müsahibəsində Türkiyənin Yaponiyadakı səfiri Korkut Güngen bildirib.

Mərasim iştirakçılarına Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanmış Xocalı soqırımı haqqında məlumatların toplandığı QR-kodlu, Azərbaycanın Dövlət Bayrağının, yapon, ingilis və Azərbaycan dillərində “Xocalıya ədalət!” sözlərinin yazıldığı maskalar paylanıb.

Qeyd edək ki, Tokioda keçirilən 3 günlük məlumatlandırma aksiyası zamanı Yaponiya-Azərbaycan Dostluq Mərkəzi bu maskaları paytaxtın mərkəzi küçələrində yerli sakinlərə paylayıb və onların diqqətini Xocalı soyqırımına cəlb edib.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR