Xaqani Qayıblı: "Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi gözəl təşəbbüsdür"

Xaqani Qayıblı

© APA | Xaqani Qayıblı

# 23 aprel 2022 12:06 (UTC +04:00)

“Dünya Azərbaycanlılarının V Qurultayı çox möhtəşəmdir. Bu qurultayın dünyanın gözü olan Şuşada keçirilməsi çox gözəl təşəbbüsdür”.

Bunu APA-ya açıqlamasında 32 ildir Estoniyada yaşayan, diaspora fəaliyyətində xidmətinə görə Tərəqqi medalına layiq görülən, Tartu Univeristetinin müəllimi Xaqani Qayıblı bildirib. Onun sözlərinə görə, qurultayın Şuşada keçirilməsinə görə əvvəlcə şəhidlərimizin ruhuna borcluyuq:

“Bu səbəbdən, Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev də öz çıxışına şəhidlərimizin ruhunu yad eləməklə başlayıb. Şuşanı xilas edərkən sanki ordumuz həm də təbiətdən dəstək alırdı, məsələn, dumanlı hava və digər məsələlər, bir növ, döyüşə töhfə verirdi. Bu günlərdə isə görürük ki, təbiət də bizimlə bərabər sevinir - hava gözəldir. Bu gün burada dünyanın 65-dən çox ölkəsindən 400-dən artıq nümayəndənin gəlişinə həm Şuşa, həm də təbiət sevinir. Bu mənada qurultayımız çox gözəl şəkildə davam edir. Qurultayın əsas məğzlərindən biri Azərbaycan diasporunun böyük potensialını nümayiş etdirməkdir, hansı ki bunu çıxışında Cənab Prezident də vurğuladı. Digər məqsəd isə bu qüvvəni mümkün qədər stimullaşdırıb Azərbaycana ciddi töhfə verməsini təmin etməkdən ibarətdir”.

Xaqani Qayıblı deyib ki, dövlət başçısı bununla bağlı tövsiyələri də hər zaman olduğu kimi ali və yüksəkdir:

“Bu tövsiyələr əsasında biz fəaliyyətimizi tənzimləyirik. Təbii ki, sadəcə tövsiyələrlə kifayətlənmək olmaz, tətbiq etmək də lazımdır. Bunları diqqətə alıb fəaliyyəti tənzimlədikdən sonra bu, diqqətəlayiq olur, yekunda isə qazanan dövlətimiz və millətimiz olur”.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR