Kanada azərbaycanlıları Helsinki Komissiyasına etiraz bəyanatı ünvanlayıb

Kanada azərbaycanlıları Helsinki Komissiyasına etiraz bəyanatı ünvanlayıb
# 18 may 2018 15:58 (UTC +04:00)

Kanadanın Vankuver şəhərindəki Azərbaycan icması ABŞ Konqresinin Helsinki Komissiyasında Azərbaycanla bağlı aparılan dinləmələrə etirazını bildirib.

Diasporla İş üzrə Dövlət komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ölkədəki “Azərbaycan Strateji Araşdırmalar Mərkəzi”nin (AzSam) rəhbəri Aslan Xalidi dinləmələrə qarşı etiraz bəyanatında Azərbaycan Respublikasında qanunun aliliyinin, məhkəmə hakimiyyətinin müstəqilliyinin, fundamental hüquq və azadlıqların qorunduğunu və mətbuat azadlığının tam şəkildə təmin olunduğunu diqqətə çatdırıb.

Bəyanatda Azərbaycanın xarici siyasət kursunda dünyanın aparıcı ölkələri ilə ikitərəfli münasibətlərin qurulması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri kimi vurğulanıb: “Bu gün Azərbaycan Respublikası qlobal proseslərdə və yeni dünya nizamının qurulmasında söz sahibi olan Amerika Birləşmiş Ştatları ilə əlaqələrə böyük əhəmiyyət verir, qarşılıqlı münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində inkişafını dəstəkləyir”.

Aslan Xalidi Azərbaycanın tolerantlığın təşviqinə yönəlmiş fəaliyyətini regionda və dünyada sabitliyə töhfə kimi qiymətləndirib:

“ABŞ Helsinki Komissiyasının Azərbaycana qarşı münasibəti bu günün reallıqlarına uyğun olmayan bir mövqedir. Son dövrlərdə ABŞ Konqresinin Helsinki Komissiyasının bəzi üzvlərinin erməni lobbisinin ən fəal tərəfdaşları kimi dəfələrlə Azərbaycanın əleyhinə mövqe nümayiş etdirmələrinin şahidi oluruq. Təəssüf ki, dövlətlər arasındakı münasibətlərin sərinləşməsində müxtəlif maraqlı dairələrin təsiri altına düşmüş Helsinki Komissiyası kimi qurumlar müəyyən rol oynayır. Məhz maraqlı qüvvələrin təsiri nəticəsində Helsinki Komissiyası demokratiya yolu ilə gedən xalqların mənafelərini müdafiə etməkdən daha çox dünyanın müxtəlif regionlarında marağı olan müəyyən siyasi lobbi dairələrinin təsiri altında qərarlar qəbul edən quruma çevrilib. Bütün bunlara baxmayaraq, Azərbaycanın bundan sonra da ölkədə insan hüquqlarının təmin olunması istiqamətində səylərini davam etdirəcəyi heç kimdə şübhə doğurmur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR